“Açıq hökumət debatları” layihəsi başa çatıb

Azərbaycan təcrübəsində ilk dəfə olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aktual məsələlərlə bağlı dövlət orqanlarının, ixtisaslaşmış QHT nümayəndələri və  müstəqil ekspertlərin iştirakı ilə canlı yayımda ardıcıl debatlar və silsilə ictimai dinləmələr keçirilib

İctimai dinləmələr “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması əməkdaşlıqda həyata keçirdiyi “Açıq hökumət debatları”  layihəsi çərçivəsində baş tutub.

Layihə çərçivəsində onlayan formatda  “Dövlət orqanlarının fəaliyyətində informasiya şəffaflığı və korrupsiyaya qarşı mübarizə”, “Dövlət şirkətlərində hesabatlılıq və şəffaflıq”,  “Korrupsiyaya qarşı mübarizədə İKT-dən istifadə və əldə olunan nəticələr”,  “Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət”, “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi: Mövcud vəziyyət və perespektivə baxış” mövzularında keçirilib. Dinləmələrə 170-dən çox iştirakçı qatılıb. İctimai dinləmələrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Ombudsman, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, MEDİA, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Auditorlar Palatası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi,  İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin  nümayəndələri iştirak ediblər.

Layihənin digər mühüm naliyyəti kimi korrupsiyaya qarşı mübarizə, şəffaflıq və hesabatlılığın təmin olunması, dövlət şirkətlərinin hesabatlılığı, informasiya açıqlığı, bələdiyyələrin və yerli icra hakmiyyəti orqanlarının fəaliyyətində hesabatlılıq,  kənar dövlət maliyyə nəzarəti, ictimai iştirakçılıq və ictimai nəzarət məsələləri üzrə mövzularda canlı yayımda 10 debatın keçirilməsini qeyd etmək olar. Debatlarda dövlət orqanlarından Baş Prokuorluq, Ədliyyə Nazirliyinin, Hesablama Palatasının nümayəndələri QHT ekspertlərinin tərəfmüqabili kimi iştirak ediblər. Debatlar PRİME TV yutub kanalı ilə canlı yayımlanıb.

Layihə çərçivəsində, həmçinin korrupsiyaya qarşı mübarizə mövzuları ilə əlaqədar vətəndaş cəmiyyəti ekspertləri canlı yayımda 5 müsahibə veriblər.

Debat və müsahibələrə canlı yayımlar zamanı on mindən çox baxış olub.

İctimai müzakirələrdə, debat və müsahibələrdə səslənmiş təkliflər Açıq Hökumət Platforması tərəfindən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunub.

Təkliflər və təqdimatlarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

http://ogp.org.az/az/index.php/2022/07/15/korrupsiyaya-qarsi-mubarize-ictimai-dinleme/

Debat və müsahibələrin videoyazılarına Azərbaycan Açıq Hökumət Platformasının saytında (www.ogp.org.az) baxmaq mümkündür.

Qeyd edək ki,  “Açıq hökumət debatları”  layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltıniq və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.  Layihənin məqsədi açıq debatlar, ictimai və ekspert diskusiyaları ilə müzakirə mühiti formalaşdırmaqla antikorrupsiya tədbirlərinin, şəffaflıq və hesabatlılıq təşəbbüslərinin gücləndirilməsi, səmərəli həyata keçirilməsinə dəstək verilməsidir.