ADA Universitetində keçirilən konfrans Azərbaycanın xarici siyasətinə beynəlxalq ehtiramın yeni təzahürüdür

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən hər bir tədbir miqyasından və istiqamətindən asılı olmayaraq, beynəlxalq ictimaiyyətin diqqətini həmişə cəlb edib. Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: müharibədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda region ölkələrinə və beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları yaddaşlarımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək istəyirdilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, konfransda ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycanın apardığı müharibəni məntiqi baxımdan ədalətli müharibə adlandırdı və Azərbaycanın təmkinli şəkildə müharibə apardığını bildirdi. Bu fikirdə 2020-ci ilin sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatına – Vətən müharibəsinə dəstək çaları hiss edilir. Bu fikri tamamlayan “Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz” sözləri isə Azərbaycan Prezidentinin bəşəri siyasətinə dəstəyin nümayişidir.

Onun sözlərinə görə, konfransda Prezident İlham Əliyevin ona ünvanlanan suallara cavabları da Azərbaycanın xarici siyasətinin istiqamətlərini xarakterizə edir. Prezident İlham Əliyevin Türkiyənin İstanbul Altınbaş Universitetinin rektoru, Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrə Prezident Şurasının üzvü Çağrı Arhanın “Cari hadisələrin inkişafından, cari vəziyyətdən və regionda dinamikaya ehtiyac duyulduqdan sonra Siz hələ də Minsk qrupuna ehtiyac olduğunu və belə bir qrup olarsa, bu Qrupun funksiyasının nədən ibarət olacağını düşünürsünüz?” sualına cavabı qısa və konkret oldu: “Mən Minsk qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub”.

Səbinə Xasayeva vurğulayıb ki, Azərbaycan Prezidentinin bu cavabı Vətən müharibəsində Ordumuzun göstərdiyi qətiyyətin məntiqi davamıdır. ADA Universitetində keçirilən beynəlxalq konfrans Azərbaycanın xarici siyasətinə beynəlxalq ehtiramın yeni təzahürüdür.