"Aldığınız sifarişlə ölkəni Suriyaya, Əfqanıstana çevirmək niyyətinizdəsinizsə - başqa qapıya"

Antimilli Şuranın bəzi mənsubları mitinq qərarı veriblər. Guya bunların Nazirlər Kabinetinin qarşısında qaçaqaçla səsləndirəcəkləri 3-5 ala-yarımçıq şuarla dövlət təhlükəsizlik tədbirlərini bir kənara qoyub quru sərhədləri açmağa vadar olacaq. Quru sərhədlərini açılmasını hamı arzu edir, eləcə də hazırkı turizm mövsümündə bu, dövlətin özünün maraqlarına uyğundur. Amma dövlətin də bir bildiyi var axı. Başa düşün, bu ölkədə mitinqlərlə məsələ həll edilməsi dövrü bitib, hay-küy dövrü başa çatıb. Əgər bu hüquqi mühit qane etmirsə, aldığınız sifarişlə ölkəni Suriyaya, Əfqanıstana çevirmək niyyətinizdəsinizsə - başqa qapıya. Bu ölkədə heç kimə ictimai qaydanı, asayişi pozmağa imkan verilməyəcək, verilməməlidir də.

Ümumiyyətlə belə primitiv yanaşmalara son zamanlar tez-tez rast gəlirik. Ölkədə istənilən problem ətrafında məsələnin həllinə xidmət etməyən dövlətçiliyin təməllərinə zərər vurmağa hesablanmış kampaniyalara şahid olmaqdayıq. Sadə dillə desəm, bu gün Azərbaycanda “azad söz”, “azad fikir” anlayışı qəbuledilməz bir istiqamətə yönəlib. Virtual məkanda belə bir süni paradiqma formalaşıb ki, əgər hakimiyyəti yumşaq desəm tənqid edirsənsə, bu azad fikirin göstəricisidir, amma hakimiyyətə münasibətdə rəğbətin varsa, sən “azad söz” sahibi deyilsən. Biz bəzən belə şeylərə önəm vermirik, amma analiz etsək bu ən azından hüquq adına pis bir tendensiyadır. Bu gün təşkilatlanmış pozucu qruplar, ölkə sosial media məkanında söz və fikir azadlığı üzərində təsir imkanına ələ keçirib, nəticədə sosial şəbəkədə linç olunmaq qorxusu xeyli sayda ziyalıları ümumxalq əhəmiyyətli məsələlərdə susmağa vadar etməkdədir. Bu ciddi məsələdir.

Azərbaycan siyasətində olan radikal dərnəklərə, onlara bağlı mediaya baxın. Bir dəfə olsun dövlət tərəfindən qayğı ilə əhatələnmiş bir qazi, bir şəhid ailəsi haqqında bircə cümlə yazırlarmı? Bax necə olur qazilərlə bağlı hər hansı bir insident zamanı bu radikal cameəni təmsil edən media mənsubları hamısı bir nəfər kimi öncədən hadisə yerində olur? Bu təsadüf ola bilərmi? Bu gün Azərbaycanda qazinin travmasının, psixoloji durumunun, əlilliyinin arxasında gizlənən parazit bir müxalif təbəqə formalaşıb. Qazi ahı ilə qidalanan, xal qazanan siyasətçilər nəsli yetişib. Bu hansı ləyaqətə sığır?

Əlbəttə problemlərimiz də var, bu tribunadan da dəfələrlə hər birimiz deyirik, amma axı dövlətin də bu problemləri həll etmək üçün ali iradəsi var. Cənab İlham Əliyev və Mehriban xanım şəhid ailələri və qazilərlə işi fəaliyyətlərinin prioritetlərindən biri kimi müəyyən edib. Yaxın 3 il ərzində bütün şəhid ailələri və əlilliyi müəyyən olunmuş bütün qazilər mənzillə təmin olunacaq. Bu mənada şəhid ailələrimiz və qazilər əmin olsun ki, nə lazımdır hər şey sizin düşündüyünüzdən də artığı ediləcək və edilir də. Bir də inanın ki, müharibə vaxtı həmrəylik göstərməyib, indi müharibənin nəticələrindən pay uman, informasiya savaşında düşmənlə eyni səfdə dayanan qüvvələr üçün nə qazinin, nə də şəhid ailəsinin probemləri maraqlı deyil, ona görə imkan verməyin ki, sizdən alət kimi istifadə etsinlər.

Eyni zamanda Antimilli Şura və dəstəkçilərinə bir daha üz tutmaq istəyirəm, görün nə günə qalmısız və görün nələrdən mədət umursuz. Amma unutmayın ki, şəhid ailəsi və qazi siyasətdən çox ucada dayanan dəyərdir. Onları çirkabınıza batırmayın. Unutmayın ki, bu gün vicdansızcasına alətə çevrimək istədiyiniz bu insanlar məhz sizin xəyanətiniz nəticəsində işğal olunmuş torpaqları azad edərkən canından, sağlamlığından olub.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı