Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır

Azərbaycan xarici ölkələrlə yanaşı,  eyni zamanda beynəlxalq və regional təşkilatlarla tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına  hər zaman diqqət yetirib.  Avropa İttifaqı ilə də münasibətlər  də  bu  prinsipə əsaslanaraq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.Bu günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması  ikitərəfli əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmuşdur

Bu günə qədər Avropa İttifaqı ilə olan on beş ildən artıq  fəal əməkdaşlıq tariximizdə 2006-cı ildə Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması yaxşı münasibətlərimizin və nailiyyətlərimiz olduğunu bir daha sübut edir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Bu gün Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycanın  nəhəng resurs ehtiyatları vardır. Azərbaycan gələcəkdə  yeni qaz yataqlarından  istifadə edərək qazın hasilatını artıramaqla yanaşı,  bərpaolunan enerjidən də istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəkdir.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çox sevindirici hal ondan ibarətdir ki, 3500 uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə təbii qazımız Avropa qitəsinə çatdırılır. Azərbaycan ilə Avropa İttifaqı arasında olan  enerji sahəsindəki  uzunmüddətli və etibarlı əməkdaşlıq çox böyük nailiyyətdir.

Bu gün Azərbaycan-Avropa İttifaqı əlaqələri şaxələndirilmiş xarakter alaraq bir çox sahələri əhatə edir. Ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr enerji sahəsi ilə yanaşı  investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və əsas ixrac  bazarına çevrilib. Avropa İttifaqı sərmayə qoyuluşu baxımından da ölkəmiz  üçün ən vacib mənbələrdən biridir. 2024-cü ilə qədər 60 milyon avro həcmində nəzərdə tutulan Avropa İttifaqı tərəfindən Azərbaycana sərmayənin  qoyulması xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılmasına gətirib çıxardacaqdır. Yaxın dövrdə Avropa İttifaqı tərəfindən  ölkəmizə müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılması da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunun sübutudur.

Avropa İttifaqı ilə Azərbaycan arasında  enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, son dövrlər hər iki tərəf arasında  əməkdaşlığın yüksələn xətlə inkişaf etməsi onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün bu gün çox vacib tərəfdaşdır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri