Azərbaycan tarixi qələbələr qazanmaqdadır

Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və onun inkişafı üçün mükəmməl strateji perspektivlərin yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin bir neçə mərhələdən keçən olduqca inamlı və ardıcıl mübarizəsi və böyük şəxsiyyətin ən layiqli davamçısı olan İlham Əliyev cənablarının bu kursu daha da inkişaf etdirərək şaxələndirməsi sayəsində Azərbaycan dövləti bu günkü səviyyəsinə gəlib çatmışdır.

Azərbaycançılığa, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, millətimizə xidmət etmək Heydər Əliyevin həyatının ən ümdə amalı idi. Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Çoxminillik tariximizin ən mükəmməl şəxsiyyəti və lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük soydaşımız Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, ilk növbədə, diqqət onun yarım əsri əhatə edən fəal və ardıcıl dövlət quruculuğu missiyasına verilməlidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmədi, onun gələcəyinə də əhəmiyyətli təsir göstərdi. Bu mənada, Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə, tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Azərbaycanın bu gününün reallığı qalib dövlət, vahid xalq, güclü ordu, qüdrətli sərkərdə və alternativsiz liderdir. Böyük siyasət qrossmeysteri Heydər Əliyevin təmənnasız xalq, millət sevgisi imkan verdi ki, o, mənsub olduğu xalqı, milləti ən yüksək səviyyədə irəli apara, yüksəldə bilsin, qarşıya çıxan kifayət qədər böyük maneələri cəsarətlə aradan qaldırmağı bacarsın və qeyd etdiyimiz bu günkü reallıqların yaranmasına vəsilə olsun.

Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdırılmasına görə, həm də ulu öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanı bu gün tam etibarlı əllərdədir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik xətti və siyasəti Azərbaycana tarixi qələbələr qazandırmaqdadır.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri