"Azərbaycanın etibarlı strateji tərəfdaşları olan Türkiyə və Türkmənistanla münasibətləri yeni mərhələyə qədəm qoyur"

“Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşları olan Türkiyə və Türkmənistanla münasibətləri yeni mərhələyə qədəm qoyur. Hər üç ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrarası əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, hər üç ölkə arasında olan əlaqələr yüksələn xətlə inkişaf etməkdədir: “Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi. 2017-ci ildə isə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edirdi. Azərbaycan-Türkiyə-Türkmənistan arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.”

Milli Məclisin deputatı bildirib ki, iqtisadi əməkdaşlığın inkişaf dinamikasının statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır: “Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb. Türkmənistana səfər çərçivəsində dövlətimizin başçısının Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, prezidentlərin təkbətək, məhdud və geniş tərkibdə görüşləri keçirildi. Zirvə Görüşündə ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək.”

Anar Məmmədov məlumat verib ki, Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur: “Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir. Zirvə Görüşündə də Türkmənistanla Azərbaycanın imzaladığı 5 sənəddə göstərilən müddəalar, nəzərdə tutulan bütün layihələr, eləcə də Qazaxıstan - Türkmənistan - İran və Özbəkistan - Türkmənistan - İran - Oman dəmiryolları şəbəkələri ilə Azərbaycan, Türkiyə və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə, Mərkəzi Asiya - Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında mərkəz mövqedə yerləşən Türk Şurası dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividentlər qazandırır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfər çərçivəsində imzalanmış sənədləri və Memorandum ölkələr arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verməklə yanaşı, tarixi bağları güclü olan bu üç xalq arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə münbit şərait yaradacaq.”