Azərbaycanın güc və imkanları artdıqca Avroparlament qərəzli davranışlarını intensivləşdirir

Avropa Parlamentində ölkəmizə hücumları əslində Azərbaycanın uğur indikatoru hesab etmək olar. Güc və imkanlarımız artdıqca Avroparlament də ləyaqətsiz və qərəzli davranışlarını intensivləşdirir. Bildiyiniz kimi, hazırda Azərbaycanın Ermənistana "hərbi təcavüz etməsi", Laçın yolunun “blokada”da olması kimi iddiaların əks olunduğu daha bir qərəzli qətnamə gündəmdədir. Lakin altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir". Dövlətimizin başçısı bu mövqeyində kifayət qədər haqlıdır, çünki faktiki olaraq Fransadan və Ermənistandan Avropa Parlamentinə daxil olan bütün donoslar bəyanat və qətnamə adı altında rəsmi sənəd kimi qəbul olunur.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Təsəvvür edin, 30 il ərzində Ermənistanın işğal siyasəti, işğal bölgəsində isə ekosid, urbisid və digər müharibə cinayətləri davam edərkən AP bir dəfə də olsun məsələyə münasibət bildirməyib. Bu dövr ərzində Avroparlament "yüksək diqqətini" daha çox Azərbaycanda "insan haqları, söz azadlığı" kimi məsələlərə və xəyali hüquq pozuntularına yönəldib. Bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalması, yurd-yuvasından didərgin düşməsi fonunda real pozuntulara gələndə isə Avropa Parlamenti iyrənc formada susub. Yəni, faktiki olaraq bu qurum bütün fəaliyyəti ilə bizə düşmən mövqedə dayanıb, anti-Azərbaycan ruporuna çevrilib və bu gün də Azərbaycanla bağlı qərəzli gündəm formalaşdırmaqla məşğuldur. Baxmayaraq ki, Avroparlamentin, ümumiyyətlə, kimisə nədəsə ittiham etməyə, yaxud kiminsə fəaliyyətinə qiymət verməyə haqqı yoxdur, bu qurum özü korrupsiya çirkabı içində batıb. Elə ən son, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham olunması, erməni milyarder Kaspar Karapetyanın AP-nin bir sıra deputatlarını muzdlu təbliğat maşını kimi kirayələməsi AP-in özünün nüfuzu və statusunu sual altına alıb”, - deyə deputat vurğulayıb.

Bəhruz Məhərrəmovun sözlərinə görə, məhz bu yaramaz fəaliyyətin nəticəsində fikir, vicdan, söz və ifadə azadlıqları ənənəvi Qərb dəyərlərindən siyasi vasitəyə çevrilib. Bu qərəz Azərbaycan-Avropa münasibətlərinə faktiki təsir göstərmir, ticarətimizin azı 40 faizi Avropa İttifaqı ilə aparılır, İttifaqdan 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə mətbuat konfransında da ifadə etdiyi kimi, “Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir". Habelə Azərbaycan Cənubi və Mərkəzi Avropa ölkələrinin enerji, dolayısı ilə milli təhlükəsizliyində söz sahibdir. Yəni, son nəticədə yenə də uduzan Avropa Parlamentidir. Azərbaycan özünün uğurlu inkişaf yolu ilə irəliləməkdədir, aktiv xarici siyasət, beynəlxalq təsisatlar çərçivəsində uğurlu əməkdaşlıq, habelə Qoşulmama Hərəkatına uğurla sədrlik, o cümlədən Bakının Hərəkatın Zirvə görüşünə və X Qlobal Bakı Forumuna ev sahibliyi etməsi, ölkəmizə artan maraq Avroparlamentdə qəbul olunan qətnamələrin təsirsiz kağız parçasından başqa bir şey olmadığını göstərir.