HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ BÖYÜK TƏMİNAT

12 Dekabr Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin anım günüdür. Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında misilsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir.


VACİB QAYIDIŞ


1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi "biz batdıq" naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi!
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Ən əsas anlam dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: "bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?" Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.
Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.
Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.

Heydər Əliyev milli ideyanı iflasdan qurtardı

Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları verməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi.
1993-cü ilin birinci yarısına qədər isə milli ideya ciddi təhlükə qarşısında qalmışdı. Cəmiyyətdə dövlətçilik şüuru çox zəif idi və onun inkişaf etdirilməsi üçün heç bir iş görülmürdü. Əksinə, məhdud ideoloji baxışlar cəmiyyəti müxtəlif qruplara parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin bütövləşməsi olduqca çətin bir prosesə çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu bağlılıqda Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. O, ifadə etmişdi: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir". Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi: "...Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır".

Avrasiya quruculuğu aspekti

Heydər Əliyevin xarici siyasət strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti "Böyük İpək Yolu" layihəsinə verdiyi önəmdə də ifadə olunmaqdadır. Hələ keçən əsrin 90-cı illərinin ortalarında postsovet məkanında liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni Avrasiyanın inşasında Pekin faktorunu nəzərə almadan heç bir iş görmək mümkün deyildir. İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı olduğu "Bir Qurşaq, Bir Yol" qlobal layihəsinin perspektivindən danışır. Yüzlərlə ölkənin bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar yayılır. Hətta Ermənistan belə bundan yararlanmağa çalışır. Ancaq faktdır ki, keçən əsrin 90-cı illərində bu günü görənləri barmaqla saymaq olardı. Onların önündə Azərbaycanın lideri Heydər Əliyev gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti özünün bəhrəsini yüksək səviyyədə verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə birgə Çin siyasəti Azərbaycanı Cənubi Qafqazın geosiyasi "düyün nöqtəsi" statusuna qədər yüksəldib. Hazırda ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin qovuşma məkanı, "Yeni İpək Yolu" layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.
Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişim memarı Ulu öndər Heydər Əliyevdir.
Beləliklə, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. İlham Əliyevin dövlətimizə rəhbərliyi ilə Azərbaycan nəinki regionda demək olar ki, dünya miqyasında söz sahibi olan ölkəyə çevrilib. Bugün İlham Əliyev siyasətinə kölgə salan anti-azərbaycan qüvvələri bunu yaxşı bilməlidir ki, onların qeyrətini məhz Azərbaycan dövləti və bu dövlətin başında dayanan insanlar qoruyur.
44 Günlük Vətən Müharibəsi ilə bizə Qələbə sevinci yaşadan Cənab İlham Əliyev həm də ata missiyasını yerinə yetirməklə qüdrətli lider olduğunu bir daha nüemayiş etdirmiş oldu. Biz də hər bir azərbaycanlı kimi Cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və bu yolda əlimizdən gələni etməyə hər zaman hazır olduğumuzu bəyan edirik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Hacı Zaur Tarverdiyev

Sabhibkar