Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin 30 ili tamam olur

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin 30 ili tamam olur. İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 23-də tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də qurulub.

Azərbaycan, İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərinə böyük əhəmiyyət verir və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hicran Hüseynova deyib.

O qeyd edib ki, ikitərəfli əlaqələrdə hazırda dinamik inkişaf müşahidə olunur. Azərbaycanla İsveçrə arasında mütəmadi xarakter almış yüksək səviyyəli siyasi dialoq dövlət başçılarının müntəzəm olaraq, Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları çərçivəsində görüşləri, habelə parlament, Xarici İşlər nazirlikləri və ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir. Yüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan siyasi dialoqun yaratdığı imkanlar ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də gələcəkdə daha sıx əməkdaşlıq üçün gözəl zəmin yaradır.

Azərbaycan və İsveçrə arasında əlaqələrin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rolu olub. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.

Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsinin ümumi məqsədlərə xidmət etdiyini vurğulayan dostluq qrupunun rəhbəri, bu sahədə əldə edilən uğurların xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərdiyi bildirib.

H.Hüseynova diqqətə çatdırıb ki, Milli Məclisdə 2006-cı il oktyabrın 2-dən Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. O əlavə edib ki, İsveçrə Parlamentində də Loran Verlinin rəhbərlik etdiyi Azərbaycanla dostluq qrupu mövcuddur.

"Azərbaycanla İsveçrə arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. İki ölkə arasında 28 sənəd imzalanıb. Azərbaycan-İsveçrə iqtisadi münasibətlərində energetika sahəsində əməkdaşlıq xüsusi yerə və əhəmiyyətə malikdir. Bu xüsusda, Azərbaycan və İsveçrə arasında “Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” müvafiq sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya fəaliyyət göstərir. Eyni zamanda, İsveçrə Konfederasiyasının Federal Şurası ölkəmizdə kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində bir çox layihələrə dəstək verir. Bununla yanaşı, İsveçrə Konfederasiyası bir sıra ekoloji, o cümlədən, çirkli suların təmizlənməsi layihəsinin həyata keçirilməsində də öz töhfəsini verir", - deyə Hicran Hüseynova bildirib.

Deputat onu da qeyd edib ki, Azərbaycanın getdikcə artan iqtisadi potensialı və əldə etdiyi tərəqqi ölkəmizin şirkətlərinin də İsveçrədə sərmayə yatırmasına geniş imkanlar yaradır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR” brendi ilə İsveçrədə yanacaqdoldurma stansiyalarına sahib olması, iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizin tanıdılması baxımından da mühüm rol oynayır.

"Son 30 ildə ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox uğurlar əldə edilib. Lakin biz bu əlaqələrin daha da sıx olmasını, iqtisadi, ticari və xüsusilə də siyasi əməkdaşlığımızın daha da inkişaf etməsini arzulayırıq", - deyən H.Hüseynova fikirlərini yekunlaşdırıb.