"Bakıdakı yarışı səbirsizliklə gözləyirik" - Məşhur pilotlar

"Formula-1” Avropa Qran-prisində yarışacaq "Toro Rosso Ferrari” komandasının üzvləri Bakı treki haqda fikirlərini bölüşüblər.


AzVision.azxəbər verir ki, gənc pilotlar Daniil Kvyat və Karlos Sayns indiyədək "Formula-1” çempionatlarının heç bir Avropa Qran-prisində iştirak etməyiblər. Onlar treki yalnız Bakı səfərindən əvvəl simulyatorda test ediblər.

Daniil Kvyat Bakı şəhər halqası barədə fikirlərini bölüşərkən deyib: "Yeni şəhərlərə səfər etmək həmişə mənim üçün maraqlı olub. Bakıda şəhər trekidir, ona görə sükan və pedal ilə ciddi çalışmaq lazımdır. Şəhər treklərində bəzi hiylələr işlətmək lazım gəlir. Treki simulyatorda testdən keçirmişəm. Bu, trek barədə bəzi məlumatları əldə etməyə kömək edir. Həmçinin mühəndislərimiz simulyator vasitəsilə bolidi necə sazlamaq lazım olduğu haqqında məlumat ala biliblər. Bakı şəhər halqasına ilk baxışda 16-cı döngədən 1-ci döngəyə kimi olan uzun düz yol diqqəti cəlb edir”.

Pilot diqqətə çatdırıb ki , dövrə düz bucaq altında dörd döngə, sonra isə çox maraqlı hissə ilə başlayır. Biz şəhərin tarixi mərkəzindən keçirik və çox güman ki, bu, maksimum dəqiqlik tələb edən ən dar sektor olacaq. 13-cü, 14-cü və 15-ci döngələr də sürət baxımından seçilir. Mənə elə gəlir ki, 15-ci döngədə əyləc çox da asan olmayacaq. Görək, real yarışda necə alınacaq. Sonda 90 dərəcə hərəkət istiqaməti dəyişən orta sürətli 16-cı döngədən keçilir və bir də 1-ci döngədə əyləcə basılır.

Rusiyalı pilot Bakı trekinin Valensiyanı xatırlatdığını vurğulayaraq qeyd edib: "Şübhə etmirəm ki, Bakı treki maraqlı olacaq və mən buna tam hazıram. Bakıya məni dəstəkləyən çox sayda rus pərəstişkarlarının gəlməsini gözləyirəm. Hər şey çox yaxşı olacaq”.

Karlos Saynz isə Qran-pri barədə danışarkən deyib: "Yarışa ciddi hazırlaşıram. Lakin bizi hansı sürprizlər və nəticələr gözlədiyini bilmirəm. Bir neçə dəfə simulyatorda test etmişəm. Lakin yeni trekə gəlmək hər zaman maraqlıdır. İlk 4 döngə - 90 dərəcəli bucaq altındadır. Beşinci döngədən sonra trek daha da maraqlı olur. Bu, mənə Makao trekini xatırladır. Bakıda ən yüksək sürətin olması gözlənilir. 16-cı döngədən 1-ci döngəyə kimi ayağı qaz pedalından qaldırmamaq olar. 15-ci döngədə əyləcə basmaq asan olmayacaq. Çünki simulyator testimizdə bu, məhz belə görünür. Bakıya ilk səfərim olduğu üçün, şəhər haqda başqa məlumatım yoxdur. İnanıram ki, yarış çox maraqlı olacaq. Makao treki mənim üçün unudulmazdır və çox sevinirəm ki, "Formula-1” təqvimində ona bənzər daha bir trek yarandı”.