ABŞ İlham Əliyevin yanındadır

Prezident İlham Əliyevin ABŞ-a səfəri dövlətlərarası münasibətlərin yeni inkişaf xəttinə qədəm qoymasına, əməkdaşlığın artıq səmimi və qarşılıqlı etimada əsaslanan ovqatda davamına rəvac verib.

İndi tam əminliklə demək olar ki, dünyanın əsas fövqəldövləti ilə Qafqazın lider ölkəsi arasında anlaşılmazlıqlar mərhələsi arxada qalıb. Əsas müzakirə mövzusu isə iqtisadi-ticari-siyasi-hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün səyləri artırmaq, bu prosesə ölkə rəhbərlikləri səviyyəsində dəstək və töhfə verməkdir. Elə Azərbaycan Prezidentinin Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə keçirdiyi görüşü də məhz bu kontekstdə dəyərləndirmək mümkündür.

Prezidentin iqtisadi islahatlar manifesti

Prezidentin görüşə ABŞ səfərindən dərhal sonra ehtiyac duyması rəsmi Bakının bu ölkə ilə iqtisadi-ticari əməkdaşlığın inkişafına verdiyi önəmi göstərir. Qəbulun müzakirə təəssüratları isə digər məqamı üzə çıxardı: Prezident İlham Əliyev əlaqələrin mövcud həcmindən, göstəricilərindən razı deyil, bunun dəfələrlə artırılmasına həm zəminin, həm də potensialın olduğunu düşünür, eyni zamanda, Palata üzvü olan şirkətlərdən ölkədə aparılan iqtisadi islahatlar prosesinə konsaltinqyönümlü dəstək göstərmələrini istəyir.

Onu da vurğulayaq ki, bir müddət öncə dövlət başçısı yerli sahibkarların böyük heyəti ilə görüş keçirmiş, onları dinləmiş, problemlərini birbaşa öyrənmiş və konkret göstərişlər vermişdi. Son qəbul da məhz bu prosesin (yerli və xarici özəl sektorun problemlərini, təkliflərini öyrənmək) növbəti mərhələsi idi. Məlumdur ki, dünyanın ən böyük transmilli korporasiyaları, meqaholdinqləri əsasən ABŞ-a məxsusdur və bu şirkətlər elə Azərbaycanda da aparıcı iqtisadi təsirə malikdirlər. Yeni iqtisadi kursun gedişi və ondan gözləntilər barədə bu "iqtisadi düşərgə”nin də mövqeyini öyrənmək vacibdir, hətta mütləqdir. Çünki onların dünyanın əsas iqtisadi, həm də siyasi oyuncuları və qlobal iqtisadi-ticari münasibətlərin konturlarını müəyyənləşdirən nüfuz subyektləri olduqlarını da əsla unutmamalıyıq. Bir faktı da xatırladaq ki, Prezident İlham Əliyev ABŞ-a səfəri müddətində qrafikinin sıxlığına baxmayaraq, bu ölkənin ticarət naziri Penni Pritzker ilə görüşməyi də lüzum bilmişdi. ABŞ şirkətlərinin ölkəmizdəki fəaliyyətlərini daha da genişləndirmələri yolları barədə aparılan fikir mübadiləsi müzakirələrdə prioritet mövzulardan olub.

Qarabağ cəbhəsindəki gərgin vəziyyəti istisna etsək, hazırda Azərbaycanın əsas gündəm mövzusu ölkədə aparılan iqtisadi və struktur islahatlarıdır. Prezidentin qəbulunda da bu mövzu diqqət mərkəzində idi. Ölkə rəhbəri islahatların mahiyyəti, miqyası, gedişi, ilkin nəticələri, perspektivləri, üzləşdikləri maneələr - bir sözlə, prosesin altlı-üstlü bütün qatları ilə bağlı məlumat verdi. Hətta burada toxunulan elə məsələlər vardı ki, onlar heç Nazirlər Kabinetinin son iclasında müzakirə edilməmişdi. Bu baxımdan tək görüşün iştirakçıları deyil, ümumilikdə geniş ictimaiyyət və ekspertlər, - həm yerli, həm də xarici, - Prezidentin həyata keçirdiyi iqtisadi və struktur islahatları manifestini tam ətraflı dinləmək imkanı qazandılar.

Açıq etiraf etmək lazımdır ki, yeni iqtisadi münasibətlər dövrü kimi səciyyələndirilən hazırkı durum Azərbaycanı mühüm sınaqlara çəkir, çətinliklərlə üzləşdirir. Neft və qazın qiymətlərinin sürətlə enməsi nəticəsində dünya iqtisadiyyatında başlayan təlatümlərdən qorunmaq Azərbaycan hakimiyyətinin əsas vəzifəsidir. Bu sahədə ən əsaslı addım məhz yeni iqtisadi kursu - uzun illərdir aparılan islahatların indi daha effektiv mərhələyə qədəm qoymasını zəruri edir və bu prosesə başlamaq ölkə rəhbərliyi üçün heç də çətin olmadı. Əvvəla, indiyə qədər müxtəlif sahələr üzrə aparılan islahatların təkmil təcrübəsi vardı, onların səhvləri də, nailiyyətləri də düzgün dəyərləndirilmişdi. Həmçinin bu islahatlar ümumilikdə milli iqtisadiyyatın daha da modernləşməsini təmin etməli və yeni dövrdə ortaya çıxan hədəflərə çatmağa yol açmalıdır. Bunun üçün isə qanunvericilik bazasının, demək olar ki, tam yeniləşməsi, hüquqi prosedurların sadələşdirilməklə yanaşı, həm də optimallaşdırılması prosesi davamlı icra edilir.

Vergi və gömrük sahələrində tətbiq olunan yeni fəaliyyət istiqamətləri, maliyyə bazarında və bank sektorunda daha səmərəli, şəffaf mühitin formalaşması, orta sahibkarlığın son hadisələrlə bağlı artan problemlərinin həllinə dövlət dəstəyinin müəyyənləşməsi, korrupsiyaya qarşı mübarizə kimi məsələlər artıq öz ilkin nəticələrini göstərir. Nəticələr isə uğurludur, nəzərdə tutulan səviyyədədir. Lakin hakimiyyət bu prosesin daha böyük miqyası əhatə etməsi üçün tədbirlərin genişlənməsini nəzərdə tutur ki, islahatların növbəti mərhələsi də məhz bu yönümdə olacaq. Prezident İlham Əliyevin Amerika Ticarət Palatasının nümayəndə heyəti qarşısında çıxışı da elə bu mövzuları əhatə edib.

ABŞ-ın özəl sektoru Prezident İlham Əliyevin islahatlar kursunu uğurlu sayır

Ticarət Palatasının üzvləri görüşə böyük tərkibdə gəlmişdilər. Dünyanın ən məşhur brendlərinin müəllifi olan şirkətlərin təmsilçiləri ölkədəki iqtisadi proseslərdən tam xəbərdar olduqlarını və islahatlar kursunu uğurlu saydıqlarını, dəstəklədiklərini bildirdilər. Səfir Robert Sekuta isə hətta iqtisadi mövzuya siyasi ahəng qataraq, müzakirənin gedişində konkret mövqe sərgilədi. Prezident İlham Əliyevə xitabən deyilən "Daim Sizin yanınızda olmuşuq və indi də Sizə yardım etmək istəyirik” sözləri, şübhəsiz ki, ABŞ vitse-prezidentinin və dövlət katibinin iki həftə öncə bəyan etdikləri birmənalı dəstəyin məntiqi davamı idi.

Görünən odur ki, müdafiə mövqelərini adətən açıq nümayiş etdirməyən, bildirəndə isə daim xüsusi xəsislik göstərən Ağ ev təmsilçilərinin artıq hər fürsətdə Azərbaycana və onun liderinə dəstəklərini, etimadlarını əlahiddə vurğulamaları ənənəyə çevrilir. Münasibətlərdə formalaşan bu yeni ənənə, şübhəsiz ki, xoşdur və təqdirolunasıdır.
Digər xoş və təqdirolunası hal isə dünyanın bu nüfuzlu şirkətlərinin təmsilçiləri sırasında həmvətənlərimizin də olması idi. Azərbaycanlıların transmilli korporasiyalarda yüksək nümayəndəlik mövqeyi qazanması milli fəxarət üçün yetərli əsas verməklə yanaşı, onların təcrübəli və potensiallı kadrlar kimi gələcəkdə öz ölkələrində işə cəlb olunmalarına da imkan yaradır. Bu məqam da görüşdə müzakirə edilən mövzulardan oldu.

ABŞ Ticarət Palatasının üzvləri biznes mühiti, vergi, gömrük, maliyyə bazarı, bank sektoru, qanunvericilik bazası, hüquqi qeydiyyat və digər mühüm məsələlərlə bağlı mövqelərini bildirdilər, öz təkliflərini səsləndirdilər. Hüquqi bazanın daha da sadələşdirilməsini istəyən şirkət təmsilçilərinin, özəl sektorun müəyyən qanun pozuntularına qarşı cəzaların dəfələrlə sərtləşdirilməsini tələb etmələri görüşün pozitiv nəticələrindən biri idi. Digər müsbət təzahür isə şirkət rəsmilərinin yalnız istəklərini bildirməmələri, həm də özlərinin daşıdıqları məsuliyyəti dərk etmələrini söyləmələri idi.

Prezidentin bu görüşdən gözlədiyi əsas nəticə dövlətlərarası iqtisadi-ticari münasibətlərin genişlənməsi, ümumiyyətlə, yeni inkişaf mərhələsinə qədəm qoymasıdır. Hazırkı durumu hansısa mənada problemli saymamaq da olar, amma ölkələrin malik olduqları potensialı və aralarında yüksələn xətlə artan strateji tərəfdaşlığı nəzərə alsaq, bunu yetərli hesab etmək qeyri-mümkündür. Belə ki, hazırda Azərbaycanın 165 ölkə ilə apardığı xarici ticarət dövriyyəsində ABŞ-ın 5,7 faizlik payı var və bu göstərici İtaliyadan (13,77 faiz), Almaniyadan (9,27 faiz), Rusiyadan (8,98 faiz) və Türkiyədən (7,15 faiz) geridir. Perspektivdə yeni istiqamətlər üzrə ticarət əlaqələrinin yaradılması barədə müzakirələr Prezidentin ABŞ səfərində də geniş müzakirə olunmuşdu və Ticarət Palatasının üzvləri ilə görüş də bu məqsədə xidmət edirdi. Bu məsələdə dövlət rəhbərlərinin göstərdikləri siyasi iradə və təşəbbüslər ABŞ-ın qısa müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsində ilk üçlükdə təmsil olunacağına əminlik yaradır.

"Ernst and Young” şirkətinin nümayəndəsinin Prezident İlham Əliyevə xitabən söylədiyi "İslahatların həyata keçirilməsində Sizin rəhbərliyinizi çox yüksək dəyərləndiririk. Həm yerli, həm də xarici şirkətlər Sizin yanınızdadır. Biz Sizi tam dəstəkləyirik və Sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük. Sizə dəstək olmaq bizim hamımız üçün böyük şərəfdir” - fikrini Amerika Ticarət Palatasının ümumi rəyi də hesab etmək olar.

Bu rəyin mənbəyi isə, əlbəttə ki, Prezident İlham Əliyevin yeni islahatlarına, təşəbbüslərinə ABŞ-ın birmənalı dəstəyi və etimadıdır...

azerbaijan-news.az