ATƏT Arif və Leyla Yunusların ölkədən çıxmasına icazəni alqışlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Link Arif və Leyla Yunusların ölkədən çıxmasına icazə verməsi barədə Azərbaycan dövlətinin qərarını alqışlayır.


Trend bu barədə ATƏT-in rəsmi saytına istinadən xəbər verir.

M.Linkin bəyanatında qeyd olunur ki, Arif və Leyla Yunusların təcili müalicə almaq üçün ölkədən çıxmalarına icazənin verilməsi Azərbaycan hakimiyyəti tərəfindən humanist bir jestdir: "Mən həmçinin, Azərbaycanda digər hüquq müdafiəçilərinin azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müsbət addımları alqışlayıram".

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə L.Yunusun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən L.Yunus barəsində təyin olunan 8 il 6 ay, A.Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.