İlham Əliyev Almaniyanın vitse-kansleri ilə görüşdü, Merkellə də görüş olacaq

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb.

Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edildi, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Saat 13:55

Bu gün İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşəcək. ANS PRESS-in Almaniya KİV-nə istinadən verdiyi məlumata görə, bunu hökumətin mətbuat katibi Şteffen Zaybert bəyan edib. 

Zaybertin sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. 

Görüşdən sonra İlham Əliyev və Angela Merkel birgə mətbuat konfransı keçirəcəklər. 

Hazırda Almaniya İqtisadiyyat və Energetika Nazirliyində Azərbaycan-Almaniya biznes forumu keçirilir.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Burada prezident nitq söyləyib. Öz nitqində o, Dağlıq Qarabağ münaqişəsindən danışıb və qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı apardığı aqressiyaya qarşı BMT-də qətnamələr qəbul olunub, lakin bu qətnamələr hələ də icra olunmayıb.

İlham Əliyevin Berlin səfəri ötən gündən başlayıb.

O, Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırdı.

Prezident həmçinin Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirildi. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edildi.