"İctimai nəzarətin gücləndirilməsində vətəndaş həmrəyliyi əsas şərtdir"

Dövlət iki şeydən sarsıla bilər:

günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.

H.Əliyev

Müsahibimiz"Sabitlik və İnkişaf Mərkəzi”nin sədri Rasim Məmmədovdur.

-Rasim müəllim, Azərbaycanı hüquqi və dünyəvi dövlət kimi necə dəyərləndirirsiniz?

- Əvvəla onu deyim ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinə və müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadiyyatın, o cümlədən azad sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Danılmaz faktdır ki, son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr, dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılmasında mühüm mərhələ olmaqla, ölkəmizin dünya iqtisadiyyatı sisteminə inteqrasiyasını sürətləndirmiş, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün əsaslı zəmin yaratmışdır.

-Rasim müəllim, Siz Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri olan karrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı informasiya vasitələrində kəskin çıxışlar edir, konkret faktlara söykənir, yüksək çinli məmurların adlarını açıqlayırsınız. Bir vətəndaş, ziyalı olaraq respublikamizda baş verən hadisələr Sizi çoxmu narahat edir?

- Bilirsinizmi müəllim, cəmiyyətdə sosial-ədalət prinsipləri pozulanda, xalqla dövlət arasında şər toxumu səpiləndə nələrin baş verəcəyi bəlli olmaz. Axı, xalq dövlət hakimiyyətinin yeganə mənbəyidir. Xalqı dövlətdən incik salmaq hansı çərçivəyə, hansı məntiqə sığar? Məmur özbaşınalığına son qoymağın vaxtı yetişməyibmi? Cənab Prezidentimiz dəfələrlə demişdir:- Mən başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Ancaq bir baxın, görün nələr baş verir. Məmur özbaşınalığının birbaşa təzahürüdür ki, camaatın əlində, ovcunda olanları dolayı yolla alıb onları səfil vəziyyətinə salırlar.

-Bu barədə Nazirlər Kabinetinin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısı çox ciddi mesajlar verdi. Ölkədə baş verən karrupsiya hallarına qarşı barışmaz mövqeyini bir daha nümayiş etdirdi. Necə düşünürsünüz, bu açıq etiraf qarşısında vətəndaşlarımız ölkə Prezidentinə dəstək ola biləcəklərmi?

-Əlbətdə, cəmiyyəti fəlakətə sürükləyən bu bəlanın (karrupsiyanın) öhtəsindən gəlmək yalnız ümumxalq işidir. Əslinə baxsaq hörmətli Prezidentimiz artıq bu sahədə ciddi işlərə başlamışdır. Buna misal olaraq "Asan Xidmət”in fəaliyyətini, Respublika Baş Prakurorluğu Yanında Karrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılmasını, verilmiş sərəncamları və görülən kankret tədbirləri göstərmək olar. Lakin, cənab Prezidentimiz bu çətin məsələnin həllində ictimai nəzarətə daha çox üstünlük verir. O, yaxşı bilir ki, baş verən neqativ hallar Azərbaycan vətəndaşlarının heysiyyatına toxunur, onları təhqir edir. Cənab Prezidentin müşavirədəki yekun nitqində yoxlamalarla bağlı çoxsaylı şikayətlərin gəldiyini, onların sayının və yoxlayan təşkilatların çoxluğunun dözülməz olduğunu və bunların arxasında dövlət maraqlarının yox, maddi təmənnanın dayanmasını qınadı. Qeyd etdi ki,"Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarıyla öz payını alıb çıxıb gedir. Budur reallıq. Bu heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır.”Düşünürəm ki, Prezidentimizin atdığı ciddi addımlar, çağırışlar və tövsiyyələr bir zamanlar Ulu Öndər Heydər Əliyevin xalqa müraciətini xatırladır.

-Rasim müəllim, müsahibələrinizin birində deyirsiniz: "Cənab Prezidentin televiziya və mediya vasitəsilə xalqa müraciət etməsi ölkədə vətəndaş cəmiyyətinə güclü inam, etibar və maraq yaratdı”. Bu sizin şəxsi qənaətinizdir, yoxsa rəhbərlik etdiyiniz "Sabitlik və İnkişaf Mərkəzi”nin İctimai Nəzarət Koalisiyasına daxil olmuş müraciətlərə əsaslanırsınız?

-Diqqətinizə çatdırmaq istəyirəm ki, cənab İlham Əliyevin vətəndaşların hüquqlarının pozulması və məmur özbaşınalığı haqqında son çıxışlarında ölkə vətəndaşlarının ictimai nəzarəti gücləndirmək kimi fikirlərini rəhbər tutaraq, vətəndaş və dövlət arasında sosial əməkdaşlığın gücləndirilməsi məqsədilə "Sabitlik və İnkişaf Mərkəzi”nin tərkibində İctimai Nəzarət Koalisiyası yaradılmışdır.

-Koalisiyanı yaratmaqda məqsədiniz nədir, hədəflərinizə hansı yollarla çatmaq istəyirsiniz?

-Koalisiyanı yaratmaqda məqsəd ölkə Prezidentinin çağırışlarına, tövsiyyələrinə və verdiyi sərəncamlara riayət etmək şərtilə onun ətrafında sıx birləşərək, neqativ hallara qarşı mübarizə aparmaq və şəffaflığı təmin etməyə ciddi-cəhd göstərməkdir.

-Hansı şərtlər daxilində işlərinizi qurursunuz?

-Mütəmadi olaraq bu və digər sahələrdə monitorinqlərin keçirilməsi, vətəndaş qətiyyətinin dönməzliyinin təmin edilməsi vacib şərtlərdəndir.

-Rasim müəllim, necə bilirsiniz, cəmiyyətdə baş verən neqativ halların qarşısını Sərəncamlar, tapşırıqlar, göstərişlər yolu ilə almaq mümkündürmü?

-Dövlət başçısının atdığı bu addımların inkişafı üçün adekvat tədbirlərin həyata keçirilməsinə başlanıldı. Başqa çıxış yolu da yoxdur. Yaxşı bilirlər ki, Azərbaycan Prezidenti qarşısına qoyduğu məqsədləri reallaşdırmaq əzmindən dönməyəcək, mane olanları isə cəzalandıracaq. Bir sözlə aydın görünən odur ki, ölkənin inkişaf etməsi üçün bütün zəruri addımlar atılır, ciddi tədbirlər həyata keçirilir və ən başlıcası, bu iqtisadi kursa şəxsi maraq naminə əngəl törədənlərə qarşı sərt ölçülər götürülür. Görülən bütün tədbirlər bir daha onu göstərir ki, müasir dünyanın iqtisadi müstəvisində ayrı inkişaf yolu yoxdur, maneələr yubadılmadan və sərt şəkildə aradan qaldırılmalıdır. Lakin bir şeyi etiraf etməliyəm ki, Siz söylədiyiniz kimi bu işlər təkcə sərəncam və göstərişlər yolu ilə deyil, həm də ictimai qınaq, vətəndaş mövqeyi ilə aradan qaldırıla bilər. Düşünürəm ki, ictimai nəzarətin gücləndirilməsində vətəndaş həmrəyliyi əsas şərtdir.

-Bir Azərbaycan vətəndaş olaraqMTN-də baş verən son olaylar Sizə necə təsir etdi?

-Firdovsi müəllim, bizim Prezidentimiz böyük adamdır, səbrli və mərhəmətli insandır. Bu bir həqiqətdir ki, dünya dövlətlərinin rəhbərləri cənab Prezidentin apardığı balanslı siyasətə, onun istedadına, uzaqgörənliyinə qibtə edirlər. Eyni zamanda şəxsiyyətinə böyük hörmətlə yanaşırlar. Onlar yaxşı bilirlər ki, bizim Prezidentimiz püxtələşmiş diplomat, həm də ədalətli rəhbərdir. Açığını bilmək istəyirsinizsə, MTN-də baş verən son olaylar bütün Azərbaycan xalqı ilə bərabər onun dostlarını da məyus etdi. Çox utancverici bir hadisədir. Çünki orada rəhbər vəzifədə çalışanlar təhsilsiz, dünyagörüşü olmayan, sıradan bir vətəndaş deyil, illərlə təcrübələri olan peşəkar generallardır. Təəssüf, çox təəssüf! Hər halda biz bundan sonra daha ayıq olmalıyıq, bilməliyik ki, hər daşın altında bir zəhərli ilan yata bilər.

-Rasim müəllim, Azərbaycan Respublikasının V çağırış Milli Məclisə seçkiləri başa çatmışdır. Sizin fikrinizcə xalq öz seçimində yanılmayıb ki?

-Bilirsiz, bəzən seçimlərimizdə biz yanılırıq, çünki həyatımızda baş verən hadisələr göstərir ki, biz heç də bütün hadisələrə qarşı diqqətli deyilik. Lakin V çağırış Milli Məclisə seçkilərin keçirilməsi Azərbaycan tarixində önəmli hadisədir. Hər kəsə məlumdur ki, müstəqilliyə gedən yol həmişə çətin olmuşdur. Şükürlər olsun ki, biz bu çətin yolu arxada qoyub öz müstəqilliyimizə qovuşduq. Əbəs yerə deməyiblər ki, hər əkilən toxum arzu və istəkdən cücərər. Azərbaycan Respublikası Konstitusiyasının 4-cü maddəsində qeyd olunur ki, "xalqın seçdiyi nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur”.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başçılığı altında hazırlanmış 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş çox əhatəli Beynəlxalq hüquq və normalara söykənən Konstitusiyamız var. Ən ali niyyətlər burada öz əksini tapmışdır. Seçki bizdə azaddır. Seçicinin müstəqil və azad səsi onun arzularını ifadə edir. Nə deyə bilərəm. Xeyirli-uğurlu olsun. İnşallah, seçilən hər bir vətən oğlu və qızı seçicilərin ümidini doğruldar, Azərbaycan Respublikası Milli Məclisinin qanunvericilik aktlarının qəbul edilməsində onları layiqincə təmsil edərlər.

-Rasim müəllim, sonda xalqımıza nə arzu edərdiniz?

-Cənab Prezidentimiz başda olmaqla, xalqımıza və millətimizə əminamanlıq, firavan həyat, müstəqillik tariximizin bu çətin, lakin şərəfli anlarında yeni-yeni uğurlar diləyirəm! Allah bizi bəd niyyətlərdən qorusun! Amin!

Müsahibəni apardı: "Yeganə Yol” qəzetinin təsisçisi və baş redaktoru, AJB-nin üzvü, şair-publisist FIRDOVSI CƏFƏRXAN (Kazımov)