"Qarabağ sülh danışıqlarını pozmaq üçün təxribatlar hazırlanır"

Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan 3 gün öncə bildirmişdi ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Edvard Nalbandyan arasında iyun ayında planlaşdırılan görüş olmayacaq. Nalbandyan həmin ay Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Məlumdur ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana danışıqlarından sonra növəti görüşün iyun ayında keçiriləcəyi razılaşdırılmışdı. O da məlumdur ki, bundan öncə adətən xarici işlər nazirləri bir araya gələrək dövlət başçılarının müzakirə edəcəyi məsələləri razılaşdırırlar. Bir çoxları hesab edir ki, əgər XİN rəhbərlərinin ortaya qoyacağı bir şey yoxdursa, deməli, prezidentlərin iyun görüşünün də sual altında qalacağını demək olar.

Bununla bağlı məsələsni Milli.Az-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə fərqli fikirdədir.

Əksinə, millət vəkili əmindir ki, prezidentlərin görüşü baş tutacaq, amma ona qədər müxtəlif informasiya təxribatları olacaq və onlar getdikcə çoxalacaq: "Hamı açıq-aşkar yaxşı başa düşür ki, apreldəki dörd günlük hərbi toqquşmalar Qarabağ məsələsini beynəlxalq gündəmin ön sıralarına çıxartdı. Təsadüfi deyil ki, C.Kerri ilə S.Lavrov arasındakı 10-a yaxın telefon danışıqlarının, demək olar ki, hamısında Qarabağ məsələsi də müzakirə mövzusu olub. Lakin burada həmsədrlərin maraqlarını tam fərqləndirmək lazımdır. Əvvəla, iyun görüşü ona görə baş verəcək ki, bunu Rusiya istəyir. Yəni ortaya məlum Rusiya planı qoyulub, onun ətrafında müzakirələrin keçirilməsi istənilib. Moskva çalışır ki, bir tərəfdən bölgədəki hərbi proses yerindən tərpənməsin və bu şəraitdə o, Cənubi Qafqaz üzərində öz maraq və mənafelərini bərqərar etsin. Nəticədə həm də Azərbaycanı öz təsir zolağında saxlasın və ən azından 90-cı illərdəki kimi Azərbaycan xalqının anti-Rusiya mövqeyində durmasına səbəb olmasın. Digər tərəfdən, Moskva Qərbin son aylar ərzində Qarabağ məsələsi üzərindən Cənubi Qafqazda öz mənafeləri uğrunda necə fəallaşdığını yaxşı görür. Yoxsa, inandırıram ki, nə Vaşinqtondan, nə Strasburqdan, nə də Qərbin digər mərkəzlərindən Qarabağ məsələsi üçün biz belə bəyanatlar eşitməzdik.

Yəni bu gün ABŞ və Avropa Birliyi düşünür ki, Rusiya əgər cəbhədəki dördgünlük əməliyyatlar zamanı Ermənistanın da dediyi ki, ən azından Azərbaycanın mövqeyinə neytrallıq göstəribsə, o cümlədən iki ölkənin silahlı qüvvələrin qərargah rəislərini Moskvaya çağıra bilibsə, bu ağır, kütləvi qırğınlar törədə biləcək münaqişənin qarşısını alıbsa, deməli, proses tamamilə onun sərəncamına keçib. Belə olan təqdirdə Qərb də siyasi müstəvidə özünə yer etmək üçün hansısa mühüm addımlar atmalıydı. Faktiki olaraq Qərbin planı budur və Rusiya bunu çox yaxşı görür. Lavrov Suriya məsələsi üzərindən Qarabağ proseslərində Qərblə müəyyən qədər dialoq mühiti yaradır. Amma heç şübhəsiz ki, Putinin planı xeyli fərqlidir. Orada cızılan ssenarilər ondan ibarətdir ki, desinlər ki, Qərb Qarabağ məsələsinin həllində, ümumiyyətlə, iştirak etmədi. Reallıq bundan ibarətdir. Baxmayaraq ki, bu, bütün beynəlxalq münaqişələrdə toqquşan tərəflərin gəlib Qarabağ məsələsində konsensus tapdığı kimi görünür. Əslində isə qətiyyən belə deyil".

Z.Oruc prezidentlərin Vyana görüşünün nə üçün baş verdiyini, növbəti görüş ərəfəsində isə onun baş tutmaması üçün müəyyən dairələrin nə üçün təxribat törətməyə çalışacağını da açıqlayıb: "Rusiya Suriya məsələlərində ABŞ-ın müəyyən addımlarını görmək istəyirdi, bu da baş verdi. Bu fonda Amerika ən azından danışığa maraq göstərdi və Ermənistana təzyiq edildi ki, o, görüşə gəlsin. İndi isə İrəvanda açıq şəkildə deyirlər ki, iyunun sonunda bu görüş yalnız bütün təmas xətti boyunca müşahidə qurğularının yerləşdirilməsi üçün olmalıdır. Bunu isə Rusiya istəmir. Sual oluna bilər ki, Qərb bu məsələdə niyə israr edir? Əgər yalnız A.Kaspşikin ofisinin tərkibi genişlənəcəksə, bu, o deməkdir ki, Qərb sülhməramlı qüvvələrə bərabər bir heyəti bölgəyə göndərir və bu, onların təmas xəttində nəzarəti əlinə alması deməkdir. Şübhəsiz ki, Rusiya buna getməyəcək. Ona görə də iyun danışıqlarının baş verəcəyinə şübhə etmirəm.

Aralıq mərhələlərdə isə bizi xeyli azdıran informasiyalar da çoxalacaq, çünki cəmiyyətlərdə müəyyən hərəkətlilik var. Məlumatlar var ki, 1999-cu ildəki kimi bu gün də bəzi siyasi dairələr təxribat törətmək istəyəcəklər ki, sülh nizamlanmasını pozsunlar. Amma əminəm ki, iyunun sonunda iki prezidentin qarşısında hərtərəfli həll planı qoyulacaq. Bu, yenilənmiş Kazan prinsipləri və ya başqa sənədlər də ola bilər. Adının nə qoyulmasından asılı olmayaraq, söhbət Putinin planından gedir".

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrlərin mayın 31-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Qeyd olunur ki, həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini baxılması üçün nazirlərə təqdim ediblər: "Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər".sabahinfo.az