2024-cü ilin yanvar ayında Bakı hava limanın beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artım deməkdir.
Bu barədə Sabahinfo.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin dövrdə 313 min sərnişinə xidmət göstərilib.
Bu ilin yanvar ayında 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” isə 215 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 56 faiz artaraq 21 min nəfər təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yeni istiqamətlər açılıb və populyar marşrutlar üzrə uçuş tezlikləri artırılıb. Aviasiya sənayesinin dinamik inkişafını və hava nəqliyyatına artan tələbatı nəzərə alaraq, Bakı aeroportu öz infrastrukturunu, xidmətlərini təkmilləşdirməkdə və sərnişinlər üçün yeni imkanlar təklif etməkdə davam edir.