“Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiya-məsləhət xidmətləri göstərilir

“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair informasiya və məsləhət xidmətləri göstərilir. 

Adalet.az xəbər verir ki, fermerlər aqrar sahə ilə bağlı informasiya və məsləhət xidməti üçün Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evləri, regional “ASAN xidmət” mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər. 

“Bakı KOB evi”ndə sahibkarlara kənd təsərrüfatı texnikalarının, gübrə və pestesidlərin satışı, aqrotexniki xidmətlərin göstərilməsi, subsidiyaların verilməsi, güzəştli maliyyələşmə, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması proseduru və elektron portaldan istifadəyə dair informasiya və məsləhət xidmətləri təqdim olunur.   

Sahibkarlar aqrar sahədə informasiya və məsləhət xidmətləri üçün həftəiçi 5 gün (saat 09.00-dan 18.00-dək) “Bakı KOB evi”nə müraciət edə bilərlər.