Deputat nazirliklərin sayının azaldılmasını təklif edir

Azərbaycanda bəzi nazirlik, dövlət komitələrinin ləğvi və ya birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib.


Bununla bağlı bir neçə dəfə təklif irəli sürən millət vəkili Vahid Əhmədov hesab edir ki, ölkəmizdə bir neçə nazirliyin ləğvi gözləniləndir.


Sabahinfo.az xəbər verir ki, deputat Azvision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda cəmi 13-15 nazirlik saxlanılmalıdır. Onun sözlərinə görə, hazırda minimum 4-5 nazirliyin ləğvi labüddür.


Millət vəkilinin sözlərinə görə, digər nazirliklərin səlahiyyətləri ya birləşdirilməli, ya da ləğv olunmalıdır: "Bazar iqtisadiyyatı sistemində islahatlar, təkmilləşdirilmə gedir və bu daim davam etməlidir. Mütəmadi olaraq ölkə başçısı tərəfindən müəyyən struktur islahatları aparılır, müəyyən qurumlar ləğv edilir, digərləri birləşdirilir. Həmçinin bəzi qurumların səlahiyyətləri digərlərinə verilir. Bu proses davam edir”.


Milli Məclisin üzvü qeyd edib ki, neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi, cənab prezident tərəfindən qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, kiçik və orta sahibkarlığın inkişafı bir sıra islahatlara təkan verir: "Elə nazirliklər var ki, bir-birinin işlərini təkrarlayır. Bəzi nazirliklər, komitələr kiçik və orta sahibkarlığa problemlər yaradırlar. Bu baxımdan struktur dəyişikliyi labüddür və bunu etmək lazımdır”.


Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 19 nazirlik, 10 dövlət komitəsi fəaliyyət göstərir.