Ədliyyə Nazirliyi AXCP-nin qurultayının nəticələrini tanımadı

Ədliyyə Nazirliyi Əli Kərimlimin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sonuncu qurultayının nəticələrini tanımayıb.

Bu barədə partiya sədri Əli Kərimli özünün "Facebook” səhifəsində yazıb. Nazirlik AXCP-nin təqdim etdiyi qurultay sənədlərini partiyaya geri qaytarıb. Səbəb kimi isə bildirilib ki, AXCP-dən ayrılmış sabiq sədr müavini Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP "Etimad qurultayı” adı ilə sənəd təqdim edib: "Ədliyyə Nazirliyi "eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb.Təkilif edib ki, "mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək”.

Partiya sədrinin sözlərinə görə, Ədliyyə Nazirliyi onun AXCP-nin sonuncu qurultayında sədr seçilməsini dövlət reyestrinə daxil etməyib. Lakin bununla belə, AXCP-nin dövlət qeydiyyatı ləğv edilməyib və qüvvəsindədir.