Əli Həsənov: "Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik"

Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk və cənab Donald Trampın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik.

Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Əl-İxbariyyə" televiziyasına müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələr var:

"Bu əlaqələr beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə edir. Azərbaycan sülhməramlıları ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət edirlər. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik".

"Avropa ilə əlaqələriniz, Avropa İttifaqına qoşulmaq üçün səyləriniz barədə nə deyə bilərsiniz?" - sualına cavabında isə PA rəsmisi qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurası ailəsinə töhfə verməkdə davam edir.

Ə.Həsənov deyib ki, Azərbaycan ilə Avropa İttifaqı və onun təsisatları arasında davamlı və sıx əlaqələr var:

"Təkcə onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır. Azərbaycanın Avropa İttifaqının üzvü olmaq barədə sualınıza gəlincə, qeyd edim ki, ölkəmiz Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır".