Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurasının iclası başladı

22 iyun 2022-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurası öz plenar iclaslarına başladı. Qeyd edək ki, Nümayəndələr Şurasının iclasları Beynəlxalq Federasiya, Beynəlxalq Qızıl Xaç Komitəsi və 192 Milli QXQA Cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə hər 2 ildən bir keçirilir və 2 gün ərzində davam edir.Nümayəndələr Şurasının plenar iclasının gündəliyindəki əsas məsələlər “Hərəkat daxili əməkdaşlıq və kommunikasiyanın gücləndirilməsi”, “İqlim və ətraf mühit”, “Şəhərlərdə münaqişə”, “Sevilya müqaviləsinin nəzərdən keçirilməsi” kimi mövzularda irəli sürülmüş qətnamələrin müzakirəsi olmuşdur. Azərbaycan QAC-in nümayəndə həyəti müvafiq mövzular ətrafında çıxışlar edərək, qeyd olunan qətnamələri dəstəklədiklərini bildirmişlər. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov “Hərəkatın kollektiv təsirini artırmaq üçün Sevilya Sazişinin və onun Əlavə Tədbirlərinin nəzərdən keçirilməsi”, Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev “Şəhərlərdə Münaqişə”, gənc nümayəndə Nigar Rüstəmzadə isə “Miqrasiya üzrə Hərəkatın strategiyası ” mövzusunda çıxış etdilər. İrəli sürülmüş qətnamələr Nümayəndələr Şurasının iştirakçılarının səs çoxluğu ilə qəbul olundu.

Azərbaycan nümayəndə heyəti eyni zamanda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ətrafında bir sıra ikitərəfli görüşlər keçirdi.