Fazil Mustafa: "Bu qərarı Türkiyəyə, Azərbaycana, digər tərəfdən bütün türklərə qarşı çıxarıblar"

Bu məqamda Türkiyənin ən sağduyulu addımı İsrail və Rusiya ilə münasibətləri bərpa ertmənin uğurlu variantlarını tapmaq olardı.

sabahinfo.az  xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Almaniya Bundestaqının məlum addımına münasibətini bildirərkən deyib.

"Hərdən özünüzə bir sual verin: Türkiyə nə cür addımlar atsaydı, Almaniya bəzi başqa Avropa ölkələri kimi saxta soyqırımı tanımaq barədə qərar çıxarmayacaqdı? Bunun təqribi cavabı belədir ki, gərək Türkiyə, Almaniyanın dediklərini qulaqardına vurmayaydı"-deyən millət vəkilinin iddiasına görə,  bəli, Osmanlı İmperiyası 1915-ci ildə Kayzer Almaniyasının dediklərini qulaqardına vurmayıb onunla müttəfiq olaraq müharibəyə qoşulmuşdu və nəticədə dövlət olaraq tarixə qovuşdu. 

O, qeyd edib ki, Almaniyanın bu dəfə də istədiyi eyni şeydir.

Onun dediyinə görə,  əgər soyqırımın baş verməsi ilə bağlı Almaniyanın şübhəsi varsa, o zaman bunun bu işdə daha təcrübəli almanlarla birlikdə həyata keçirilməsi barədə iddialar ortaya çıxa bilər:

 "Türklər açıq şəkildə soygırım olmadığını bildirirlər, almanlar isə əminliklə söyləyirlər ki, soyqırım olub. O zaman bu soyqırımı Osmanlının müttəfiqi olan Almaniyanın törədə biləcəyini niyə Türkiyə iddia etməsin? 

Almaniyanın o dövrün arxivlərini açmaması da belə bir şübhə üçün əsas verir. Demək ki, Osmanlı hökumətinin xəbəri olmadan alman hərbçiləri ermənilərə qarşı soyqırım həyata keçirmişlər!!! Hər halda diqqətəlayiq iddia ola bilər. 

Bəzi dərin siyasət biliciləri bu qərarı Türkiyə Prezidenti Ərdoğana qarşı atılmış addım kimi təqdim etməyə çalışırlar. Ərdoğanın siyasət anlayışında qaneedici və ya tənqid oluna biləcək kifayət qədər məqamlar var.

 Ancaq tam əmin ola bilərsiniz, bu qərarı Türkiyəyə, Azərbaycana, digər tərəfdən bütün türklərə qarşı çıxarıblar və bütün türklər də bu qərarı əhəmiyyətsizləşdirmək üçün yaşadırları məkanlardan asılı olmayaraq səylərini birləşdirməlidirlər.

 Bizə də yaxşı dərs oldu ki, masanın arxasında oturan alman siyasətçisinə bundan o tərəfə elə erməni siyasətçisi kimi baxacağıq".