Birliyimiz var olsun

Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək səviyyədə protokol ifadəsi kimi diqqətçəkən Şuşa Bəyannaməsində hər iki dövlətin istiqlalının əldə olunmasında xalqların birgə şəhidlik və zəfər savaşı üzərində qurulan tarixi ənənələr öz hüquqi təsdiqini tapdı. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qurulmasında Nuru paşanın rəhbərliyi ilə türk insanının, 1923-cü ildə isə Türkiyə Cümhuriyyəti uğrunda azərbaycanlıların göstərdikləri fədakarlıq bənzəri olmayan bir hadisə kimi tarixə yazıldı. Bir əsr öncə iki dövlətin qurulma mübarizəsinə bir millət olaraq qatılan Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə bu ənənəni davam etdirməklə yanaşı, həm də dünyaya hüquqi sənəd olaraq təqdim etdi.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.

Şuşa Bəyannaməsi sülhə yol açmaqla yanaşı, Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşlarımızın inteqrasiyası üçün də əlavə imkanlar yaradacaq.

Bu, həm də yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla bölgənin artan investisiya potensialına töhfələrini verəcək. Bununla da iqtisadi münasibətlərin formalaşması prosesi sürətlənərək, yeni perspektivlər vəd edir. Bəyannamə, eyni zamanda, turizm üçün xarakterik olan Şuşa və digər yerlərdə geniş imkanlar açmaqla iqtisadi yüksəlişin təmin olunmasını şərtləndirir.

Qeyd olunanlarla yanaşı, Şuşa Bəyannaməsi Azərbaycan üçün siyasi, diplomatik və iqtisadi cəhətdən tam uğurlu sənəddir. Həm də Türkiyənin dünyanın nüfuzlu ölkələrindən biri olduğunu, beynəlxalq aləmdə güc mərkəzi kimi tanındığını, standartlarını diqtə etdiyini nəzərə alsaq, o zaman Bəyannamədə əksini tapan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər sahələri əhatə edən təşəbbüslərin ölkənin beynəlxalq nüfuzunu artıracağı heç bir şübhə doğurmur.

Bəyannamədə iki qardaş ölkənin tarixi münasibətləri, xalqlarımızın əvəzolunmaz liderləri, türk dünyasının ən böyük övladları Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarının öz ifadəsini tapması da olduqca diqqətçəkən məqamdır.

Şanlı Vətən müharibəsinin başlanmasından Zəfər gününə qədər Prezident Ərdoğanın Azərbaycana açıq şəkildə siyasi, mənəvi dəstək verməsi və onun “Azərbaycan tək deyil “ mesajı haqlı mübarizəmizə müdaxilə etmək fikrində olan bütün qüvvələrin dayanması ilə nəticələndi.

Düşünürəm ki, xalqımız bu qardaşlıq dəstəyini, bu tarixi addımı heç zaman unutmayacaq.

Türkiyə postmünaqişə dövründə də işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq işlərində fəal iştirak edir. Türk şirkətlərinin bərpa layihələrində aktivliyi qürur doğurur.

Həmrəylik nümunəsini özündə ifadə edən Şuşa Bəyannaməsi hər birimiz tərəfindən sevinc və məmnunluqla qəbul olunmaqla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən də birgə bəyanatla təqdir edilərək dəstəklənib.

Şuşa Bəyannaməsi, həm də türk dünyasına ciddi fayda verə biləcək siyasi sənəddir. İki qardaş ölkənin iki xarizmatik lideri tərəfindən imzalanan bu mükəmməl Bəyannamə xalqlarımızın, eləcə də bölgənin inkişafı, davamlı sülhün bərqərar olması üçün müstəsna əhəmiyyətə malikdir. Dost və düşmən ölkələrin belə həsəd apardığı bu qardaşlıq Bəyannaməsi cənab Ərdoğanla Prezident İlham Əliyevin timsalında birliyimizin təminatıdır. Birliyimiz var olsun!

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü