Millət vəkili Kamerun Parlamentinin vitse prezidenti ilə Qarabağdan danışıb - Foto

Millət vəkili Qənirə Paşayeva Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse prezidenti Emilia Monyava Zifaka və parlamentin millət vəkilləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, millət vəkili Azərbaycanın Kamerun ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. 

İki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasını sevindirici hadisə olaraq qiymətləndirib. Azərbaycan parlamentinin Kamerunla əlaqələrin və dostluğun inkişafına verdiyi önəmdən danışan millət vəkili Q.Paşayeva bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının vacibliyindən danışıb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Q.Paşayeva Kamerun Parlamentinin(Milli Assambleyasının) vitse prezidenti Emilia Monyavaya və parlament üzvlərinə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən "Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları təqdim edib. Millət vəkili həmçinin nümayəndə heyətinə Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib. Qənirə Paşayeva Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse prezidenti Emilia Monyava Zifakanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse prezidenti Emilia Monyava Zifaka Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib.

İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən vitse-spiker beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.