Müsavatdan ayrılan gənclər Abutalıbova müraciət etdilər - Yer istəyirlər

"Ağ Blok” ilk qurultayını keçirmək üçün məkan tapa bilmir.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzNews.az–a blokun təsisçisi Tural Abbaslı məlumat verib.

Onun sözlərinə görə, qurultayın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib:"Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirməmizi məsləhət bildilər. Siyasi mühitin belə sakit və hərəkətsiz zamanında Əmircan kimi uzaq bir kənddə siyasi partiya qurultayının keçirilməsi isə heç məqsədə uyğun deyil. Biz insanların rahat şəkildə gələ biləcəkləri və normal tədbir keçirmək üçün minimal şəraiti olan sadə bir məkan istəyirik”.

T.Abbaslı əlavə edib ki, dövlətə bağlı qurumların məkanlarını BŞİH "Ağ Blok”a vermək istəmir:"Özəl sektordakı konfrans zallarının sahiblərisə müxalifət sözündən qorxur. Biz bu istiqamətdə işlərimizi davam etdiririk və bir çox məkanlara artıq müraciət olunub”.

Xatırladaq ki, "Ağ Blok” 2015-ci ildə Tural Abbaslı tərəfindən yaradılıb.