Borclarımız açıqlandı

Azərbaycan Respublikasının xarici dövlət borcu açıqlanıb. Anspress-in Maliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, 01 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 478,2 mln. ABŞ dolları (5,081.5 milyon manat) təşkil edib. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,6 faiz təşkil edib. Borc vəsaitlərinin 7,3%-i 10 ilə qədər, 60,2%-i 10 ildən 20 ilə qədər, 32,5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. 01 yanvar 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.9 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 64.8 faiz, avro – 21.4 faiz, yapon yeni – 2.1 faiz, İslam dinarı – 0.7 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz. Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.