Qarabağlı ermənilər adlarını dəyişirlər

Dağlıq Qarabağdakı ermənilərə adlarını, kimliklərini və özlərini dəyişdirməyi əmr ediblər. Ermənistandan verilən göstərişə görə, fevralın 20-dən sonra onlar artıq "qarabağlı ermənilər" yox, "artsaxlılar" olmalıdırlar. Çünki Xankəndidəki separatçı rejim də özünü "Dağlıq Qarabağ"ı yox, "Artsax"ı idarə edən struktur saymalıdır.

Fevralın 20-də Dağlıq Qarabağda ermənilər arasında keçiriləcək "Konstitusiya referendumu" adlı şounun məramı budur.

Rəsmən isə ermənilər deyirlər ki, xeyr, məqsədləri Dağlıq Qarabağdakı idarəetmə sistemini dəyişməkdir.

Sən demə, Dağlıq Qarabağdakı ermənilər özlərini indiyədək "yarıprezident" üsul-idarəli məkanda imiş kimi sayırmışlar və bu prinsip qondarma qurumun 2006-cı ildə qəbul edilmiş vərəq yığınında, yəni "Konstitusiya"sında da təsbit olunub.

İndisə qarabağlı ermənilər qarşılarına iki məqsəd qoyublar: "superprezident" sisteminə keçərək Xankəndidəki "prezident" səlahiyyətlərini artırmaq, habelə Dağlıq Qarabağın adını dəyişərək "Artsax" qoymaq.

Əslində isə Ermənistan rəhbərliyi Azərbaycanın işğal altında olanbölgələrində məskunlaşan, daha doğrusu, məskunlaşdırılan ermənilər arasında İrəvana qarşı hər hansı formada volüntarist, müxalifətçi və ya fərqli düşüncənin olmasını istəmir. "Superprezident" üsul-idarəsini hədəfləyən referendumun başlıca məqsədi də Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində tam avtoritar, xuntanın idarə etdiyi sistemin formalaşdırılmasıdır.

"Artsax" adına gəldikdə isə, ermənilərin iddiaları absurddur. Belə ki, Artsax Qədim Albaniyanın vilayəti idi və Sasanilər İmperiyası dönəmində parflarla sərhəd bölgə sayılırdı.

Qarabağlı ermənilər Dağlıq Qarabağın adını dəyişərək "Artsax" qoymaqla faktiki olaraq özlərinin erməni yox, alban olduqlarını iddia etmiş sayıla bilərlər.

Hə, doğrudur, ermənilərin əsrlərdən bəri əllərində yellədikləri "Böyük Ermənistan" xəritəsində "Artsax" bu mifik, hətta idiomatik və illüzor dövlətin bir parçası sayıla bilər.

Fəqət, erməni tarixçilərinin, siyasətçilərinin və xüsusilə də mediasının birmənalı olaraq dərk etmək istəmədikləri, daha doğrusu, anlaya bilmədikləri bir gerçək var: "Artsax" kəlməsi qədim türk toponimidir və bu, dünya tarix elmində aksiom, sübuta ehtiyac duyulmayan məqam sayılır.

Ermənistanın bu referendum oyununu sırf toponomika və ya arxeologiya ilə əlaqələndirmək yanlışdır. Ermənilərin məqsədi "Dağlıq Qarabağ" ifadəsini siyasi gündəmdən çıxararaq "Artsax"la əvəzləmək və bununla da ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində tərəf kimi təmsil olunmağa cəhd göstərməkdir. Bu isə birmənalı olaraq prosesi pozmaq, rəsmi Bakının mövqelərinin daha da sərtləşməsinə rəvac verəbiləcək yeni əməliyyata başlamaq istəyidir.

"Referendum"la bağlı hazırlıqların Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransı ərəfəsində başlanması da təsadüfi deyil.

Ermənilərin "Artsax" sevdasının prosedur baxımından idiotizmi həm də ondadır ki, Dağlıq Qarabağın özbaşına, birtərəfli olaraq erməni sənədlərində "Artsax" edilməsi İrəvana və onun Xankəndidəki "cib" separatçılarına sənədləşmədə çətinliklərdən savayı heç nə verməyəcək. Çünki Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı, istisnasız olaraq bütün beynəlxalq qurumlarda, sənədlərdə bu ərazilər indiki adını saxlayacaq, Dağlıq Qarabağ kimi qalacaq.

Ermənilər özləri də anlayırlar ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və onun adını dəyişmək yerli ermənilər arasında keçiriləcək hansısa səsvermə vasitəsilə mümkün deyil. İstənilən ölkənin ərazi-inzibati bölgüsünə dəyişikliklər həmin dövlətin ali qanunverici strukturu, yəni parlamenti tərəfindən müzakirə olunmalı, ratifikasiya edilmədir. Üstəlik, Dağlıq Qarabağda istənilən səsvermə, plebissit və ya referendum erməni işğalı nəticəsində yurd-yuvalarını tərk edərək məcburi köçkün olmuş azərbaycanlıların iştirakı olmadan fiksiyadır.

Hazırda Dağlıq Qarabağda yaşayan ermənilər seçici hüquqları və ya haqlarından bəhs edirlərsə, eyni hüquqlarla haqlara həmin ərazinin azərbaycanlı sakinləri də malikdirlər.

Dağlıq Qarabağda keçiriləcək, soydaşlarımızın iştirak etməyəcəkləri istənilən səsvermə Azərbaycanın Konstitusiyası və mövcud qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğundan fevralın 20-si üçün nəzərdə tutulmuş erməni "referendum"unun heç bir hüquqi qüvvəsi, normativ çəkisi yoxdur.

Bu "referendum" Ermənistan rəhbərliyinin Azərbaycana qarşı yeni təxribatı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə daha bir qəsd, aşkar təhdid və güc tətbiqidir.

Beynəlxalq səviyyədə ələ salınan sarsaqlıq

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı "referendum"un nəticələrini tanımırlar. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münxendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu üzrə bəyanatında bildirilir.

Rusiyanın Xarici İşlər Nazirliyi xüsusi açıqlama yayaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin bölgədə planlaşdırılan "referendum"un keçirilməsindən asılı olduğunu düşünmür.

Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "Biz hesab edirik ki, onun statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır".

Azərbaycan XİN də olayla bağlı bəyanat yayıb.

Sənəddə vurğulanır ki, ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz "referendum" keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.

Daimi Nümayəndəlik XİN-in məsələ ilə bağlı 14 fevral tarixli bəyanatı əsasında çıxış edərək ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın sözügedən təxribatçı niyyətinə cəlb edib, bunun Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının, əksinə, vəziyyəti gərginləşdirmək, işğal siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və qeyri-dayanıqlı status-kvonu davam etdirmək siyasətinin göstəricisi olduğunu bildirib. Bu kimi cəhdlərin münaqişənin substantiv danışıqlar yolu ilə həlli cəhdlərinə zərbə vurduğunu vurğulayıb.

Daimi Nümayəndəlik keçirilməsi planlaşdırılan "referendum"un Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq pozuntusu olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən qanunsuz güc tətbiqinin davam etdiyi və işğal edilmiş ərazilərimizdə aparılmış mənfur etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin digər ciddi pozuntuları şəraitində təşkil edildiyini və beləliklə də hər hansı hüquqi nəticə doğura bilməyəcəyini bəyan edib.

Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, "referendumun" qanunsuz və qeyri-legitim olduğunu, onun adı çəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanıyır. Bundan irəli gələrək, keçirilməsi nəzərdə tutulan "referendum"un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və "referendum" Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.

Səsləndirilən bəyanatlar fonunda tamamilə təcrid vəziyyətində qalmış Ermənistan tərəfinin qanunsuz "referendum"un keçirilməsinə, ölkəmizin ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqinə bəraət qazandırmaq cəhdləri Daimi Nümayəndəliyin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş müvafiq qətnamələrinə istinadları qarşısında bir daha iflasa uğradı.

Dağlıq Qarabağ "dövlət" deyil, Xankəndidəki qondarma qurum da "idarəetmə strukturu" sayıla bilməz. Qarabağlı ermənilərin indiyədək keçirdikləri "səsvermələr", "seçkilər" və s. kimi, fevralın 20-dəki "referendum" binəvalığı da Ermənistanın ironiya doğura biləcək çırpınmasıdır.

Düşmən, deyəsən, yenə də marazm ideyalarla dolu başını Azərbaycan Ordusunun çomağına sürtmək niyyətindədir.

Orxan Hun