“Şikayətlərin böyük hissəsi reallığı əks etdirmir”

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilərkən, deputat Elmira Axundova da məsələyə münasibət bildirib.

sabahinfo.az xəbər verir ki. E.Axundova Ədliyyə Nazirliyinin Bələdiyyələrin fəaliyyəti ilə bağlı 2016-cı il üzrə məruzəni ciddi, ətraflı, müfəssəl hazırladığını qeyd edib.


"Bəzi qurumlar bizə illik məruzələrini təqdim etdikdə bu və ya digər dövlət müəssisə və orqanların adlarını anonim saxlamaqla problemə ümumi şəkildə toxunaraq "bəzi orqanlar”, "bəzi məmurlar”, "bəzi hakimlər” və s. ifadələrdən istifadə edirlər. İndiki məruzədə isə xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqların ümumi klassifikasiyası aparılaraq onların geniş siyahısı verilir , digər tərəfdən isə inzibati araşdırma nəticəsində aşkar edilmiş konkret faktlardan bəziləri qeyd olunur.
Ümumiyyətlə bu məruzəni təhlil etdikdə anlayırsan ki, bələdiyyə və ona nəzarət orqanı heç də asan olmayan yol keçərək mühüm irəliləyişlərə nail olublar. Biz millət vəkilləri bu və ya digər problemləri qaldırarkən mütəmadi olaraq qeyd edirik ki, hər hansı problemlə mübarizə apararkən ən effektiv yollardan biri maarifləndirmə və profilaktik işlərdir. Məmnunedici haldır ki, məhz bələdiyyələrlə iş Mərkəzi bələdiyyələrin maarifləndirilməsinə çox önəm verir. Başa düşürük ki, xüsusən kənd yerlərində bələdiyyələrə seçilən insanlar bu məsul işə elə də hazır olmurlar, buna görə onların hüquqi və idarəçilik biliklərini, vərdişlərini artırmaq, insanlarla ünsiyyət və davranış bacarıqlarını inkişaf etdirmək üçün onlarla ciddi iş aparmaq lazımdır. Mənim diqqətimi bir neçə rəqəm cəlb etdi: cəmi bir il ərzində Bələdiyyələrlə iş Mərkəzi 190 seminar, 19 təlim, 25 kurs keçirərək 12 minə qədər bələdiyyə üzvü və qulluqçusunu maarifləndirmə işi ilə əhatə edib. Maarifləndirici tədbirlər 2015-ci ilə nisbətən 81 faiz çoxalıb”.

         
Deputatın fikrincə, bələdiyyələr Azərbaycanda yeni institutdur, hələ də formalaşma dövrünü keçir. 

"Hərdən biz özümüz də, dövlət qurumu nümayəndələri də bələdiyyələrə birmənalı yanaşmırıq. Onlarla ünsiyyətdə hərdən inzibati metodlara üstünlük verilir, lakin başa düşməliyik ki, bizlərdən hər biri bələdiyyə üzvü ola bilərik. Həmin şəxslər də xalq arasından çıxmış insanlardır. Onlara xoş və isti münasibət, yeri gəldikdə dəstək biz tərəfdən olmalıdır. Lakin hərdən başqa mənzərə ilə rastlaşırıq, yəni əsassız müraciət və şikayətlər. Maşallah indi hamı savadlıdır, bizim əhali yazmağı yaxşı bacarır. Məruzədən göründüyü kimi, 2016-cı ildə 2187 müraciət daxil olub. Onları təhlil etdikdə görürük ki, cəmi 166 müraciət təmin edilib, 40-ı isə qismən təmin edilib. Qalanlara əsaslandırılmış cavab verilib.  Bu onu göstərir ki, şikayətlərin böyük hissəsi reallığı əks etdirmir və çox vaxt qanunvericiliyi bilməməsindən irəli gəlir. Öz deputatlıq təcrübəmdə də mən bunu görürəm. Məsələn, vətəndaşdan müraciət daxil olur ki, bələdiyyə torpaq vermir. Araşdıranda görürük ki, vaxtilə torpaq bölgüsü zamanı ailəyə torpaq verilib, amma övladlar böyüdüyü üçün onlar ayrı təsərrüfat qurmaq istəyirlər, ona görə də şikayət edirlər ki, bələdiyyə onlara pulsuz torpaq vermir. Belə olan hallarda vətəndaşa izah edirik ki, torpağı hərrac yolu ilə müəyyən edilmiş vəsaiti ödəməklə əldə edə bilər. Ya da, aydınlaşır ki, qonşu onun torpağını zəbt edib, o da bələdiyyəni fəaliyyətsiz olmaqda günahlandırır. Bu halda ərizəçiyə izah edirik ki, məhkəməyə müraciət etsin, çünki belə mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Bu cür müraciətlər az deyil, bu da yerli əhalinin hüquqi məsələlərdə savadsızlığından irəli gəlir. Ona görə tövsiyə edərdim ki, Bələdiyyələrlə iş Mərkəzi seminar və digər maarifləndirici tədbirləri yerlərdə daha geniş tərkibdə, bələdiyyə üzvləri və əhalinin iştirakı ilə keçirsin. Bununla əlaqədar xahiş edərdim ki, keçirilən seminar və maarifləndirici kurslar təkcə Bakı və iri şəhərdə yox, eyni zamanda rayonlarda, kəndlərdə, bilavasitə əhalinin iştirakı ilə keçirilsin ki, onlar da öz hüquqi biliklərini artırsınlar”.


Deputat hesab edir ki, həm bələdiyyələrin, həm əhalinin ən ümdə problemi torpaq mülkiyyəti və vergi ödənişi mədəniyyətinin aşağı olmasıdır. 

"Ölkəmizdə həm torpağa münasibət köklü şəkildə dəyişməlidir, həm dövlət büdcəsinə ödəniləsi vergilər, ödəmələr mütləq olmalıdır, həm də ümumiyyətlə bələdiyyələrin həyatımızda rolu və dəyəri artmalıdır. Bunlar bir-birinə bağlı zəncirvari məsələlərdir. Və bütün bu məsələlər həll olunduqca yerli özünüidarəetmə orqanlarının səmərəliliyi də artacaq, bələdiyyələrin fəaliyyətində də gözəçarpan irəliləyiş müşahidə olunacaq”.