“Bu, Ermənistanın özünün zərərinə olacaq”- Deputat

“2022-ci ilin ilk altı ayına nəzər saldıqda görürük ki, Azərbaycan xarici siyasətdə yeni əhəmiyyətli uğurlar əldə edib, eyni zamanda II Qarabağ savaşından sonra azad edilmiş torpaqlarmızda infrastrukturun qurulmasında mühüm böyük addımlar atıb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən toplantısı və Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılması, Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanması  bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır. Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır ki, buna da bariz nümunə yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləridir. Biz tarixi köklərə sahib olan bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan əlaqələrinin bərpası və normallaşması istiqamətində Azərbaycan tərəfindən müəyyən addımlar atılmasına baxmayaraq, Ermənistan dövləti bu prosesi gecikdirir.

“Azərbaycanın təşəbbüsü ilə delimitasiya üzrə işçi qrupunun ilk görüşünün keçirilməsi nə qədər mühüm addım olsa da, Vətən müharibəsindən bir il səkkiz ay keçməsinə baxmayaraq Ermənistan dövləti imzaladığı sülh müqaviləsinə görə məcburən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Azərbaycan Laçın yolunun təhlükəsizliyinə zəmanət verir, lakin Naxçıvana getmək üçün Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması hələ ki, yoxdur. Son vaxtlar Ermənistan rəhbərliyinin Qarabağn statusu ilə bağlı danışmağa başlaması Ermənistanın özü üçün zərərli ola bilər”- o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşərək öz haqqını tələb etməyi bacarır, Ermənistan dövləti fikrimizcə, bunu çoxdan anlamalı idi. “28 il boyunca  daha çox fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupuna artıq heç bir ehtiyac yoxdur.

Vətən müharibəsindən sonra şəhid ailələrinin, qazilərimizin sosial problemləri daim diqqətdə saxlanılır. Biz hər zaman Vətən üçün sağlamlığını itirən Vətən övladlarının yanındayıq və yerlərdəki məmurlar bu vəzifəni heç vaxt unutmamalıdırlar. 

Bu ilin ilk altı ayında  iqtisadi artımların, xüsusilə qeyri neft sahəsində iqtisadi artımın olması sevindirici haldır. Təbii ki, bütün dünyada yaşanan inflyasiya Azərbaycanda da müşahidə olunur.

Lakin Azərbaycan dövlətinin aldığı tədbirlər bu problemin həllində mühüm rol oynayır. Azərbaycanın enerji imkanlarının inkişafı üçün 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi, 9 su elektrik stansiyasının tikilərək ilin sonuna qədər təhvil verilməsini nəzərdə tutan iş planları həm dövlətimiz, həm də əməkdaşlıq etdiyimiz bir çox dövlətlər üçün mühüm əhəmiyyət daşıyır”- o vurğulayıb.