Terror hadisəsini şiddətlə qınayırıq

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hadisəsini şiddətlə qınayır, bu qanlı hadisəni törədən günahkarların qısa müddətdə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik. 

Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

Terror, ilk növbədə ictimai təhlükəsizliyi pozmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə həyata keçirilən qanlı cinayətdir. Səfirliklər müvafiq dövlətlərin ərazisi sayılır. Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı terror hücumu bütün hallarda qəbuledilməzdir. Hesab edirəm ki, bu qanlı aksiyada məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirmək, regionda baş verən hadisələri daha da aqressiv məcraya yönəltməkdir. 

Bu hadisə həm də Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Vyana Konvensiyasına görə hər bir dövlət ərazisində yerləşən digər bir ölkənin səfirliyinin təhlükəsizliyini təmin etməyə borcludur. İran dövləti bu qanlı hadisənin törədənləri və onlara havadarlıq edənlərin qısa müddət ərzində tapılmasına və cəzalandırılmasına görə məsuliyyəti qəbul etməlidir. Eyni zamanda, hesab edirəm ki, bu proses ölkəmizin müvafiq qurumları tərəfindən nəzarət altında saxlanmalıdır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı