Deputatlar Şuşada iclas keçiriblər

İyunun 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin Şuşada birgə iclası keçirilib.

Milli Məclisdən verilən məlumata görə, iclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını və qürurverici olduğunu bildirib. O, bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb və bugünkü iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

İclasda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Tahir Mirkişili iclasın gündəliyinə daxil edilən məsələlər barədə məlumat verib. İlk iki məsələnin "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) cari büdcənin dürüstləşdiriliməsi ilə bağlı olduğunu qeyd edən komitə sədri hər iki məsələ ilə əlaqədar fikirlərini açıqlayıb. Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək tarixi Azərbaycanın mədəniyyət paytaxtı olan tarixi Şuşa şəhərində olmaqdan keçirdiyi hissləri bölüşüb. O, Azərbaycan şəhidlərinin qanı ilə yoğrulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində, mədəniyyətində tutduğu yerdən danışıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də komitələrin Şuşada iclasının keçirilməsinin, Azərbaycanın son 12 ilinin ən böyük büdcə artımı ilə bağlı rəsmi qərarların qəbulunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Böyük Zəfərin və dəmir yumruq kimi birliyimizin rəmzi olan Şuşa şəhərinin xalqımızın hayatında və türk dünyasındakı yeri haqqında fikirlərini səsləndirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlardan Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Naqif Həmzəyev, Məşhur Məmmədov, Fatma Yıldırım, Afət Həsənova, Aydın Hüseynov, İltizam Yusifov, Rüfət Quliyev çıxış ediblər. Deputatlar Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər. Milli Məclisin komitələrinin iclaslarının Şuşa şəhərində keçirilməsinin mənəvi, siyasi əhəmiyyətindən söz açan deputatlar bununla Azərbaycan xalqının və dövlətinin qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi iradəsinin dünyaya nümayiş etdirildiyini vurğulayıblar.

Gündəliyin ilk iki məsələsi barədə danışan Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, işğaldan azad olunmuş ərazilərimizin bərpasının ikinci ilində bərpa proqramlarını qabaqlayıcı templərlə həyata keçiririk. Bu baxımdan əlavə vəsaitlərin ayrılması çox önəmli məsələdir. Mümkün qədər qısa müddət ərzində burada normal həyatın bərpası, insanların yaşayışı üçün lazımi şəraitin yaradılması dövlətin prioritet məsələlərindəndir.

İclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, büdcəmiz inkişaf büdcəsidir və növbəti illərdə Qarabağ regionu Azərbaycan iqtisadiyyatının mühüm hissəsi olacaqdır. Büdcədə də məhz Qarabağ regionunun inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, artıq Araz vadisi və Ağdam iqtisadi zonaları yaradılıb və Ağdam iqtisadi zonasında ilk rezidentlərimiz də var. Bütün bunlar bu regionda iş yerlərinin yaradılmasına və zonanın iqtisadi inkişafına müsbət təsir edəcəkdir.

Sonra çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələrinə və qazilərə dövlət qayğısından, bu sahədə həyata keçirilən dövlət proqramlarından danışıb. Bildirib ki, bu məsələlər ölkə rəhbərliyinin nəzarəti altındadır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sahədə əlindən gələni etməyə hazırdır.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov çıxışında yenidən baxılan büdcənin gəlir parametrləri üzrə icra göstəricilərindən danışıb. O, diqqətə çatdırıb ki, əldə edilən nailiyyətlər göz önündədir. Hesablama Palatası bu qənaətə gəlib ki, ölkəmiz Dövlət Büdcəsinin gəlirləri baxımından öz üzərinə götürdüyü öhdəliklərin icrasını artıqlaması ilə təmin edəcəkdir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi (ikinci oxunuş), "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasının mühafizəsi haqqında", "Tütün və tütün məmulatı haqqında", "Telekommunikasiya haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri də müzakirə olunaraq Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Komitələrin birgə iclasında İclasda Milli Məclisin deputatları Anar Məmmədov, İqbal Məmmədov, Əliabbas Salahzadə, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər də iştirak ediblər.