“Deyirlər, “Kür quruyur”, bəs niyə Reyn, Sena çayları qurumur?”

“Hansısa müvafiq qurumun işinə qiymət vermək fikrim yoxdur. Lakin suyun qiymətinin artımı məsələsini indiki məqamda məqbul saymıram. Misal üçün, son illərdə içməli suyun qiyməti bir neçə dəfə artsa da, yenə də problemlər həllini tapmayıb. Bundan əlavə, Bakı və bir neçə şəhərdən başqa, digər yerlərdə kanalizasiya və kanalizasiya xidməti olmadığı halda, insanlarımız içməli suyun həcmi qədər çirkab suyunun da pulunu ödəyirlər. Bu isə içməli suyun dəyərinin əlavə olaraq 50 %-i qədəri deməkdir. Yəni qiymət artımı ilə bu məsələlənin köklü həllinə nail olmaq olmaz. Məsələyə kompleks yanaşmaq lazımdır. Onsuz da su təminatı ilə bağlı layihələr müvafiq qurumların gəlirləri hesabına yox, dövlət investisiya proqramları hesabına aparılır. Yəni dövlət istər vətəndaşlarının içməli su təminatının yaxşılaşdırılması, istərsə də suvarma suyu ilə bağlı layihələrin icrasında birbaşa iştirak edir”.

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

Deputat bildirib ki, su qlobal əhəmiyyətə malik strateji nemətdir: “Lakin dünya əhalisi artdıqca bu nemət istehlak baxımından tükənməyə başlayır. Su qaynaqları sənayeləşmə və şəhərləşmə nəticəsində daha da çirkləndirilir və istifadəyə yararsız hala salınır. Bu gün əhali sayının və tələbatın artması, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər özünü büruzə verir. Təbii sərvətlərlə zəngin olan Azərbaycanda da su ehtiyatları məhduddur və respublikamız su ilə aztəminatlı regionlardan sayılır. Cənubi Qafqaz respublikaları ilə müqayisədə Azərbaycan öz su ehtiyatlarına görə axrıncı yerdədir. Belə ki, Gürcüstanın daxili su ehtiyatı 85%, Ermənistankı 82%, Azərbaycanın daxili su ehtiyatı isə 28%-dir. Yəni Azərbaycan ərazisində olan suyun əsas, böyük həcmi ölkə ərazisinə kənardan daxil olur. Respublikamızın su ehtiyatının əsas hissəsini Kür, Araz, Samur çayları və hövzələri təşkil edir. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir. Bu gün qlobal istiləşmə, iqlim dəyişikliyinin təsiri, suya olan tələbatın artması və müxtəlif səbəblərdən Azərbaycanda da içməli və suvarma su təminatında problemlər yaşanır. Ölkə Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, eləcə də cənab Prezidentin dəfələrlə verdiyi tapşırıqlarda ölkənin su təminatı ilə bağlı mövcud problemlər, onların həlli yolları barədə müvafiq qurumlar, eləcə də Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulub. Bu gün əsas məsələ bu tədbirlər planların icrasına fokuslanmaqdır. Belə halda biz su ilə bağlı problemlərin yaxın gələcəkdə həllinə nail ola bilərik”.

 

İ.Yusifov ölkə ərazisində yaranan su problemi ilə bağlı təkliflərini bölüşüb: “İlkin mərhələdə Azərbaycanda təlabatdan artıq formalaşan suların yığılması məsələsi prioritet olmalıdır və su tutumları, ambarları, dəryaçaları yaradılmalıdır. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşdüyü üçün bu ərazidə yerləşən rayon və şəhərlərdə ilk vaxtlarda Kür çayından texniki su təminatının yaradılması vacib məsələdir. Yəni ağac, yaşıllıqlar içməli su ilə sulanmamalıdır. Əhaliyə içməli su baha qiymətə verilə bilər, lakin texniki su ucuz qiymətə verilməlidir. Bakıdan başqa digər rayon və şəhərlərdə içməli su əsasən Kür çayından götürüldüyü üçün əvvəlcə Kür çayından ucuz texniki su məsələsi həll olunmalıdr. Bundan sonra baha başa gələn içməli suyun sərfi azala bilər. Hətta Sovetlər dönəmində də belə idi. Yəni içməli və texniki su ayrı idi. Təəssüf ki, bu gün Kür çayı hövzəsindəki bütün şəhər və rayonlarda Sovetlər vaxtı mövcud olmuş su təmizləmə müəssisələri, o cümlədən oradakı infrastruktur ləğv edilib. Bu ərazilər indi baxımsız haldadır. Həmin müəssisələri bərpa etmək və texniki su məsələsini həll etmək lazımdır. Bu sistem yaradıldıqdan sonra isə artıq tullantı sularının emalı və mövcud infrastruktura inteqrasiyasına nail olmaq mümkündür. Tullantı suları əsasən şəhərlərdə və rayon mərkəzlərində formalaşır. Yəni məsələ mərhələli şəkildə həll olmalıdır. Artıq içməli və texniki su ayrıldıqdan sonra, yəni texniki su məsələsi öz həllini tapdıqdan sonra içməli suyun keyfiyyətindən, onu ÜST normalarına uyğunlaşdırmaq və qiymətinin artımından danışa bilərik. Ölkədə torpaqların suvarılması müasir metod və normalara uyğun həyata keçirilməli, suvarma sistemləri yenilənməlidir. Ölkəmiz üçün yeganə və əsas içməli su mənbəyi olan Kür çayına kanalizasiya və çirkab suların birbaşa axıdılması məsələsi həll olunmalıdır. Su möcüzəvi, sehrli və müqəddəs bir maddədir. Necə deyərlər, həyatdır, həm də canlıdır. Yer kürəsində suyun miqdarı dəyişməzdir. Deyirlər, “Kür quruyur”. Bəs niyə Reyn çayı, Sena çayı qurumur? İçməli suya çirkab suları və kanalizasiyaları axıdanda o canlı su bizdən küsüb ərşə çəkilər. Qlobal dünyada, o cümlədən qonşu ölkələrdə suya olan tələbatın artması, Kür və Araz çaylarının qonşu ölkələr tərəfindən daim çirkləndirilməsinə, o cümlədən ölkəmizə daxil olan su həcmlərinin azalmasına gətirib çıxarır. Azərbaycan bu sahədə müxtəlif beynəlxalq konvensiyaların, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, qardaş Türkiyə, qonşu Gürcüstan ilə Kür çayının istifadəsi, bioresurslarının qorunması və s. sahələrdə razılaşma imzalanmalıdır. Ölkənin su təhlükəsizliyinin təmin edilməsi istiqamətində gələcəyə hesablanmış, fundamental və innovativ elmi araşdırmaların aparılmasına ehtiyac var.  Bu sahədə dünya praktikası öyrənilməli və mövcud şəraitə uyğun innovativ tətbiqlər olmalıdır. Bir misal çəkim: İsrail hökuməti ilə çox sıx dostluq, əməkdaşlıq əlaqələrimiz var. 1948-ci ildə İsrail hökuməti səhra, daşlıq ərazidə qurulandan 15 il sonra ölkədə su probleminin həllini elan edir. Yəni bizim mütəxəssislər, elm, bilim adamları bu problemlə bağlı səfərbər olunmalı, əhəmiyyəti və effektivliyi baxımından uzun müddətə hesablanmış istər içməli, istərsə də suvarma suyu sistemləri üzərində işləməlidirlər”.