DGKA-da yekun qiymətləndirilmə mərhələsi keçirildi - FOTOLAR

Dövlət Gömrük Komitəsinin Akademiyasında 50 nəfər gömrük xidməti əməkdaşının iştirak etdiyi növbəti ixtisasartırma təlimlərinin yekun qiymətləndirilmə mərhələsi keçirilib.

Sabahinfo.az xəbər verir ki, qiymətləndirmədən öncə ixtisasartırma təlimlərinin dinləyiciləri ilə görüşən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq, gömrük xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən təlimlərin effektivliyindən söz açıb. Qulu Novruzov həmçinin 6 həftə ərzində davam edən həm nəzəri, həm praktiki hissədən ibarət olan təlimlərdə dinləyicilərin əldə etdikləri zəruri bilik və bacarıqların vacib rolundan bəhs edib.

Müştəri məmnuniyyəti siyasətinə uyğun olaraq tədris prosesinin iştirakçılarının məmnuniyyət səviyyəsinin mütəmadi olaraq yüksəldilməsinin Akademiyanın prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Qulu Novruzov yekunlaşan bütün təlimlərin dinləyiciləri arasında məmnunluqla bağlı keçirilən sorğuların sözügedən təlimlərin keyfiyyətinin yüksəldilməsinə önəmli təsirini də qeyd edib. Akademiya rəisi obyektivlik və şəffaflıq prinsipi əsasında keçirilən yekun qiymətləndirmənin təşkili prosesindən söz açaraq sonda dinləyicilərə uğurlar arzulayıb əldə edilən bilik və bacarıqların onların xidməti fəaliyyətlərinə önəmli töhfə verəcəyini əminliklə qeyd edib.

Görüşdən sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.