DİN tanınmış idmançının polis idarəsinin həyətində qarət olunmasını araşdırır - YENİLƏNİB

“Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatı Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır. Bu barədə G.Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb”, - deyə məlumatda bildirilib.

14:52

Azərbaycanın tanınmış idmançısı Gözəl Zutova qarət edilib.

Bu barədə Lent.az-a xanım idmançı özü məlumat verib.

Onun sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb:

“Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa, polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”.