Dünya bu çıxışı dünyəvi mahiyyətinə görə yüksək dəyərləndirir

Dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsində müxtəlif məzmunlu, müxtəlif mahiyyətli beynəlxalq tədbirlərin də əhəmiyyəti böyükdür. Belə tədbirlər iştirakçı dövlətlərin hər birinin istər siyasi, istərsə də iqtisadi mənafeyini ifadə edir. Digər tərəfdən, belə tədbirlər qarşılıqlı etimada əsaslanır.

İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı da bu baxımdan tarixləşdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı tarixi şəraitdə tarixi çıxış kimi dinlənildi və bəşəriliyə görə siyasi tezislər kimi ümumiləşdirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik fəaliyyət nəticəsində imzalanmış bu sənəd Xəzər dənizinin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaqdır. Bu fikirlər dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada, qarşılıqlı inama söykənir və iştirakçı dövlətlər bu tezisləri gələcək əlaqələr üçün başlıca baza müddəa kimi dəyərləndirəcəkdir.

Qonşuluq tarixin müəyyənləşdirdiyi münasibətlərə əsaslanır. El məsəlində deyildiyi kimi, yaxşı güzəran həm də yaxşı qonşuluq deməkdir. Xəzər dənizi ətrafdakı dövlətlərin ümumi dənizidir. Deməli, ümumi yaşayış normaları da vardır. Bu normalar qarşılıqlı ehtiram əsasında formalaşmalıdır ki, istər siyasi, istər iqtisadi, istərsə də siyasi-iqtisadi əlaqələr fonunda mədəni əlaqələri də arzulanan səviyyədə inkişaf etdirmək mümkün olsun.

Son illərdə dövlətlərin bir-birinin suverenliyinə hörmətlə yanaşması, beynəlxalq hüququn prinsiplərinə ciddi əməl edilməsi Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasını nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. Beynəlxal hüququn tələblərinə uyğun müqavilələr ikitərəfli, çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli olur. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə bağlanmış sazişlər səmərə verməkdədir.

Xəzəryanı dövlətlər qonşuluq dövlətləridir. Bu qonşuluq tarixən yaşadılsın deyə belə tədbirlər bəşəri mahiyyət daşıyır. Yəni belə tədbirlər bəşəriliyin tədbiridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında tarixi çıxışı da bəşəriliyin yaşadılması zərurətini ifadə edir. Bu çıxış təkcə Azərbaycanın deyil, təkcə Xəzəryanı dövlətlərin deyil, ümumən dünya dövlətlərinin sabahlarına siyasi havadarlığın çıxışıdır. Bu çıxışda qeyd olunan amillər tarixi siyasi-iqtisadi bir mərhələsinin amilləridir. Çıxışda qeyd olunur ki, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanılıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi şərh olunub ki, bu da Azərbaycanın sülhsevər dövlət olduğunun təsdiqidir.

Dövlətlərarası münasibətlər qarşılıqlı fəaliyyətdir, qarşılıqlı fəaliyyət – cəmiyyətin (cəmiyyətlərin) sakit, dinc sabahları. Azərbaycan dövləti təkcə Qafqazda deyil, ümumən dünyada əmin-amanlığın, qarşılıqlı ehtirama əsaslanan ikitərəfli, çoxtərəfli münasibətlərin siyasi cəfakeşi olub. Bu baxımdan Azərbaycan dünyanın əksər dövlətinin böyük etimadını qazanıb. Bu sıradan Xəzəryanı dövlətlərin, Xəzəryanı dövlətlər də Azərbaycanın dövlət maraqlarının qarşılıqlı etimada, ehtirama, qarşılıqlı inama əsaslandığını bilir və buna adekvat cavab verirlər. Bu cavab, birmənalı şəkildə, tərəflərin mənafelərinin nəzərə alınmasıdır, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaqdır.

Xəzər dənizi Xəzəryanı dövlətlərin iqtisadiyyatında mühüm rol oynayır. Xəzər dənizi Xəzəryanı dövlətlərin ümumi dənizidir və bu, həmin dövlətlərin rifahının, iqtisadi qüdrətinin yüksəlməsini təmin edən amillərdəndir. Bu baxımdan Xəzəryanı dövlətlər regional layihələrin həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.

Dövlətlərarası münasibətlər nəqliyyatla tənzimlənir. Bu nəqliyyat beynəlxalq nəqliyyatdır. Yüksək nəqliyyat şəbəkəsi, bu sıradan dəniz nəqliyyatının inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətlərindəndir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradıb. Xəzəryanı dövlətlər bu təməli sülh naminə, əmin-amanlıq naminə daha da inkişaf etdirirlər. Bu inkişaf bəşəri mahiyyətli inkişafdır...

Azərbaycan region dövlətlərinin böyük ehtiramı ilə əhatələnmiş dövlətdir. Onun xarici siyasəti dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən bəyənilir, təqdir edilir. Etiraf edilir ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oyna­yır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Bu əminlik Azərbaycanın dünya miqyasında siyasi nüfuzunun, iqtisadi qüdrətinin etirafıdır.

Azərbaycan olduqca həssas, olduqca gərəkil bir geosiyasi regionda yerləşir. Bu amil həmişə diqqəti çəkib, indi də diqqət mərkəzindədir. İstər dünya dövlətləri, istərsə də Xəzəryanı dövlətlər bu amilə kifayət qədər incəliklə yanaşırlar. Dünyanın müxtəlif istiqamətlərində yerləşən dövlətlərlə iqtisadi, ticari əlaqələrin bir hissəsi Xəzər dənizi vasitəsi ilə həyata keçirilir və marşrut Azərbaycanın ərazisindən keçir. Yəni Azərbaycan böyük iqtisadi, ticari əlaqələr şəbəkəsində kifayət qədər yeri olan dövlətdir. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar hər il artır.Bu artım Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmində də hiss edilir. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir.

Vətən müharibəsi Zəfərlə başa çatdı. 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli Bəyanat Azərbaycan dövlətinin qələbə, Ermənistan dövlətinin məğlubiyyət sənədi oldu. Zəfərdən sonra gerçəkləşdirilməsi gündəmdə olan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu, gerçəkliyə çevrilməkdədir. Vətən müharibəsində Azərbaycan ordusunun Zəfərindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməyə başlanılıb. Bu baxımdan Zəngəzur dəhlizi dünya dövlətləri üçün də gərəklidir. Ermənistan bu dəhlizin istifadəyə hazırlanmasına, istifadəyə verilməsinə ciddi maneələr törətməyə cəhd göstərsə də, dəhliz açılacaq, necə deyərlər, işğalçının işğaldan sonrakı niyyəti də baş tutmayacaq...

Dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biri də ekoloji problemlərdir. Xəzər ortaq dənizdirsə, Xəzərlə bağlı problemlər də ortaqdır. Bu problemlər həm elmi, həm də elmi-praktik baxımdan ortaq həll olunmalıdır. Azərbaycan bu istiqamətdə də öncüllərdəndir.

Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.

Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı dünyəvi siyasətin konturlarını xatırladan çıxışdı və dünya bu çıxışı məhz bu amilə görə yüksək dəyərləndirir...


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı