Bakı şəhər DYP İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Sabahinfo.az xəbər verir ki, müraciətdə deyilir:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə Bakıda və Abşeron yarımadasında qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
Bakı şəhər DYP İdarəsindən verilən xəbərə görə, proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.
Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.
Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər.