"Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır"

“Yaşayış minumumu, ehtiyac meyarı artırılsın” demək, bilirəm ki, uyğun olmayacaq. 15 manat, 20 manat, hətta 50-100 manat artım belə bu günün bahalılığında heç nədir. Son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb. Baxaq görək pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım günü-gündən daha da geniş vüsət alan bahalılıq fonunda cüzidir”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. O qeyd edib ki, bir gün supermarketə daxil olursan, bazarlıq edirsən 50 manat ödəyirsən, bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən: “Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən, üzərinə 4-5 manat da gəl. Bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahalılıq fonunda vətəndaşların sosial durumu çox ağırlaşıb”.

Onun sözlərinə görə, hökumət də bu dediklərini bilir, narahatdır və yüngülləşdirici addımlar atır. 

“Bunu bilir və qiymətləndirirəm. Amma gərək daha çox gözlə görünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da ataq”.  

Deputat eyni zamanda hökumətə bir neçə vacib addım atılmasını təklif edib:

“Avropa ölkələrində kritik ərzaq məhsulları bizdən xeyli ucuzdur. Hərçənd ki, orada əmək qüvvəsi də, maaşlar da, xidmətlər də bizdən qat-qat daha çoxdur. Bəs ərzaq məhsullarının ucuz olması, kasıblar üçün təşkil olunan market və bazarlarda isə məhsulların az qala bizdən 3-4 dəfə ucuz olmasının səbəblərini bilirikmi? Bəlkə bu logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır. Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək? Vacib olan daş-divar, qum-sement deyil, vacib olan kapital insandır, vətəndaşdır. Onu düşünək, birinci növbədə onun həyatını yüngülləşdirək. Bu barədə ciddi izahatın olmasını istəyirəm.

Bütün Azərbaycan üzrə yerli icra hakimiyyətlərindən kritik ehtiyaclı ailələrin siyahısı alınsın və onlara ünvanlı dövlət sosial yardım təyin edilsin. Hər rayonda 2 mindən 4 minə kimi belə ailələr var. Heç olmazsa, belə ailələrin vəziyyətini düşünək. Dünən bu barədə geniş danışdım və ümid edirəm ki, kağızda yazılan məsələni əsas gətirib, dodaqları susundan qurumuş şəxsə “qanunda yazılıb ki, filan-filan sənədləri hazırlayıb gətirməlisən ki, sənə su verək” deməyəcəyik. Yüz il bundan sonra da gecə-gündüz çalışsa, o nə iş yerindən arayış gətirə biləcək, nə də digər sənədləri. Məgər gözümüz önündə gördüyümüz mənzərə kifayət deyil?”