Əminə Ağazadə: “Azərbaycan müharibədə qalib gəlib,Qarabağın, Zəngəzurun, bölgənin gələcəyi həll olunub”-Müsahibə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komətisinin üzvü,millət vəkili Əminə Ağazadə XALQ.AZ-a müsahibəsini təqdim edirik.

-Əminə xanım Xankəndidə yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə “milli azadlıq hərakatlarının” ildönümünü qeyd ediblər bu halı necə qiymətləndirisiniz?

-Bildiyiniz kimi, 1988-ci il fevralın 20-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsi haqqında” qərar qəbul edildikdən sonra erməni separatçıları hər il bu günü qeyd edərək yürüş keçirirlər. Onlar “ənənə”lərinə sadiq qalaraq bu il də Xankəndində yürüş təşkil ediblər. Maraqlı məqam isə ondan ibarətdir ki, rus qüvvələrinin sülhməramlı kimi Qarabağda fəaliyyət göstərdiyi bir dövrdə rus keşişi də mitinq iştirakçılarından olub.
Açığını deyək ki, bu anım yürüşünün özü Azərbaycan xalqında əsəb doğurmaya bilməz. Keçən il bu günü azərbaycanlılar bəlkə də unutmuşdular. Amma, indi Azərbaycan əsgərinin canı-qanı bahasına Qarabağ torpaqları azad edildikdən sonra, Xankəndinin, Xocalının “bir nəfəs qədər” yaxın olduğu bir zamanda, cəmiyyət separatçı rejimin Xankəndində kabinet iclasından tutmuş, küçə yürüşünədək olan tədbirlərinə, hərəkətlərinə daha həssas, daha doğrusu əsəblə yanaşır. Yürüşdə bir kilometrədək erməni bayrağını əllərində küçə boyu daşıyan gənclərin, separatçı rejimin Araik Arutunyan, Viktor Balasanyan kimi cinayətkar rəhbərlərinin, din xadimlərinin sükutla, matəm əhval-ruhiyyəsində olmasına baxmayaraq, təntənəli və çoxsaylı yürüş təşkil etmələrinə biganə qalmaq mümkün deyil.

-Bu yürüşün Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanıb daha hansı addımlar atılmalıdır?

-Artıq Qarabağın Azərbaycanda olduğunu Ermənistanda da siyasətçisindən tutmuş vətəndaşına qədər başa düşməkdədirlər. İrəvandakı anti-Paşinyan mitinqlərinin sönük keçməsinin səbəbi də erməni xalqının daha çox hissəsinin Qarabağsız Ermənistanın daha real olduğunu anlamaları ilə bağlıdır. İndi region yeni reallıqla üz-üzədir. Azərbaycan müharibədə qalib gəlib, 30 il ərzində işğal altında olan torpaqlarını geri qaytarıb. Hazırda üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın tələbləri bir-birinin ardınca yerinə yetirilməkdədir. Sual doğuran  bəzi nüanslar mərhələli şəkildə həllini tapmalıdır. Müharibə nəticəsində Qarabağın, Zəngəzurun, bölgənin gələcəyi həll olunub, Azərbaycan zəfər əldə edərək Ermənistanı diz çökdürüb. Ona görə də istər Ermənistan, istər separatçıların liderləri, istərsə də, bölgədə marağı olan dövlətlər bilməlidir ki, Bakı öz prinsiplərinə indiyə qədər sadiq olduğu kimi, bundan sonra da sadiq qalacaq. 27 sentyabrda müharibənin başlanmasına qədər tələblərimizi qulaqardına vuran qüvvələr ordumuzun gücü və regionda yaranmış reallıq qarşısında dayandıqlarını unutmayaraq, bundan sonra da həmin hadisələrin təkrarlanması ehtimalını yaddan çıxartmamalıdır.

-Rusiya sülhməramlıların fəaliyyətini bizi qane edirmi?

-Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisinə beş il müddətinə dəvət olunub və ərazidə fəaliyyət göstərəcəklər. Rusiyanın sülhməramlı qüvvələrinin əsas məqsədi azərbaycanlılarla və Azərbaycanda yaşamaq istəyən ermənilərin təhlükəsizliyini təmin etməkdir. Həm də ermənilərlə azərbaycanlılar arasında ola biləcək xoşagəlməz halların qarşısının alınmasıdır.
Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da beynəlxalq hüququ əsas götürərək bölgədə yürütdüyü ədalətin bərpa olunması siyasətinə davam edəcək. Təbii ki, bu məsələdə bölgədə sülhməramlı missiyanı üzərinə götürmüş Rusiyanın məsuliyyəti ikiqat ağırdır. Separatçıların, eləcə də sülhməramlı kontingentin qanunsuz və məsuliyyətsiz əməli ucbatından hər hansı insident baş versə, bu, dövlət olaraq Rusiyanın nüfuzu üçün arzuolunmaz fəsadlarla nəticələnə bilər.

-Regionda sülhün qorunub saxlanması üçün Azərbaycan daha hansı tədbirlər görməlidir?

-Şübhəsiz ki, bu istiqamətlər üzrə səmərəli fəaliyyətin təşkil olunması sabitliyin qorunması kimi strateji hədəfə nail olmağa imkan verməklə yanaşı, bölgədə gələcək əməkdaşlıq üçün etibarlı zəmin və yeni perspektivlər yaradacaq. Bu günləri dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvədə olması reallıqdır. Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi, inkişafı da daim diqqət mərkəzindədir. Bütövlükdə, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq həm regional, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə fundamental töhfədir. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması Vətən müharibəsində qələbə qazanmış Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması nəticəsində mümkün olub. Ümumiyyətlə, Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqaz bölgəsində həm sabitlik və təhlükəsizlik, həm də dayanıqlı regional inkişaf üçün müstəsna əhəmiyyətə malikdir