Banklar Formula-1-lə bağlı xüsusi iş rejiminə keçir

Bu gündən başlayaraq ölkənin bankları  da xüsusi gücləndirilmiş iş rejiminə keçir. bu addım Formula-1 yarışları ilə bağlı ölkəmizə gələcək əcnəbilərin bank xidmətləri ilə, xüsusilə mübadilə ilə bağlı problem yaşamaması üçün atılıb. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara tövsiyələr verib və maliyyə təşkilatları təbii ki, tənzimləyicinin tövsiyəsinə yox deməyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Yarışları izləmək üçün Bakıya gələcək əcnəbi qonaqların və eləcə də şəhər sakinlərinin bank, xüsusən də  valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.

«Şəhərin tam mərkəz hissələrində isə filiallar şənbə və bazar da  daxil olmaqla həftə boyu 24 saat işləyəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə tapşırıq verib»,- deyə  Maliyyə Bazarlarına Nəzaət Palatası sədrinin müşaviri Rüfət Abbasov bildirib.

Xatırladaq ki, bu ilin əvvəlindən müstəqil fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri ləğv olunub. Bunun ən pis nəticəsi isə mart ayında Novruz tətili zamanı ölkəyə gələn turistlərin valyuta əldə etməklə bağlı yaşadığı problem oldu.