Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm.

Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni Razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm.

Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq.

Möhtərəm cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm".

X X X

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən: "Hörmətli İlham Heydər oğlu. Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri ölkələrimiz və xalqlarımız naminə bundan sonra da durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm".

X X X

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən: "Zati-aliləri, 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim sıx əlaqələrimiz ildən-ilə daha da güclənir. Biz bölgələrimizdə sülh və sabitliklə bağlı maraqlarımızı və fikirlərimizi bölüşürük. Biz mühüm milli məsələlərdə bir-birimizə dəstək olmuşuq və dəstək olmağa davam edəcəyik. Mən əminəm ki, bizim qarşılıqlı mənafelərimiz naminə bütün sahələrdə strateji əməkdaşlığımız daha da möhkəmlənəcək.

Mən Zati-alinizin cansağlığı və Azərbaycan xalqının rifah, tərəqqi və firavanlığı üçün dua edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".

X X X

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetdən: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".

X X X

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumdan: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, Zati-alinizin müdrik rəhbərliyi altında dost və qardaş xalqınıza davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

X X X

Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırır, müdrik rəhbərliyinizlə dost və qardaş ölkənizə davamlı tərəqqi, yüksək rifah arzulayıram.

Cənab Prezident, Sizə böyük hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyandan: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının milli bayramınız münasibətilə böyük fərəh hissi keçirdiyini Azərbaycan xalqına çatdırmağınızı rica edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm".

X X X

Malayziyanın XIV Kralı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahandan: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını öz adımdan və Kraliça adından səmimi qəlbdən təbrik edirəm.

Əminik ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirəcək".sabahinfo.az