Borc müqaviləsinin forması dəqiqləşdirilib

Borcun yazılı verilməsinin tələb ediliyi hallar müəyyən edilib.

Mülki Məcəllənin borc müqaviləsinin formasını müəyyən edən normasına edilmiş dəyişiklikdən sonra borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Hüquqşünas Oktay Məhərrəmov dəyişikliyi şərh edərkən Oxu.az-a bildirib ki, əvvəlki qaydaya əsasən borc müqaviləsi şifahi əqd şəklində bağlanırdı.

Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilərdi. Qanun hal-hazırda da borcu şifahi və ya yazılı formada vermək və almaq seçimini tərəflərin iradəsinə buraxıb. Bununla belə bundan sonra iki halda borc mütləq qaydada yazılı bağlanmalıdır:

* üç min manatdan çox borc verilirsə;

* məbləğindən asılı olmayaraq borc verən və ya alan hüquqi şəxsdirsə.

Dəyişikliyin məqsədi mülki dövriyyənin sabitliyinin və onu iştirakçılarının hüquqlarının təmin edilməsi, sonradan yarana biləcək mübahisələrə daha doğru hüquqi qiymət verilməsi üçün şərait yaratmaqdır. Bu dəyişiklikdən sonra şifahi borc müqavilələrini sayının azalacağı ehtimalı belə deməyə əsas verir ki, yazılı müqavilələr əsasında mübahəsələrə baxılması zamanı sübutetmə prosesi asanlaşacaq.

Borc müqaviləsinin yazılı bağlanması dedikdə sadə yazılı və ya notarial formada imzalanmış sənədin tərtibi başa düşülməlidir. Borcun sadə yazılı və ya notarial qaydada bağlanması seçimi qanunvericiliklə tərəflərin özlərinə aid edilmişdir. Notarial müqavilə ixtilaf üçün minimal yer qoymaqla daha təminatlı forma hesab edilir. Bununla belə sadə yazılı borc müqaviləsinin bağlanmasında borc verən və borc alandan savayı hər iki tərəfdən şahidlərin iştirakı və onların imzalarından istifadə də müəyyən qədər təminatlı şərait yaratmış ola bilər.

Bu dəyişikliklərdən sonra nəzərə alınmalıdır ki, üç min manatdan çox borc verildikdə və ya müqavilə tərəfi hüquqi şəxs olduqda qanunla müəyyən edilmiş yazılı forma tələblərinə riayət etməməklə bağlanılmış borc müqaviləsi etibarsız hesab edilə bilər. Bu hallarda borc şifahi və ya birtərəfli əqd (qəbz, iltizam və s) şəklində bağlana bilməz, ikitərəfli yazılı müqavilə mütləqdir.

Digər tərəfdən qanun bəzi məsələləri müəyyən qədər açıq saxlamışdır. Qanunverciliyə görə borc müqaviləsinin predmetini yalnız pul deyil həm də digər əvəz edilən əşyalar təşkil edə bilir və bu halda borc alan borc verənə aldıqlarını eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində qaytarmağı öhdəsinə götürür. Yəni borc müqaviləsinin predmetini növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən əvəzedilən əşyalar (məsələn 1 ton su, 1 ədəd müəyyən modelli məişət texnikası və s) da təşkil edə bilir. Yeni norma borcun predmetini qiyməti üç min manatdan çox qiymətləndirilə bilən əşya təşkil edərsə müqavilənin hansı formada bağlanmalı olması barədə aydın müddəaya sahib deyil.

Digər tərəfdən borc müqaviləsinin tərəfi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - fərdi sahibkardırsa müqavilənin hansı formada bağlanmalı olması da sual doğura bilər. Qanunvericinin yeni normanı yaratmasının məqsədi əsas götürülərsə yuxarıda təsvir edilmiş hər iki halda müqavilənin yazılı bağlanmalı olması məqsədəuyğun hesab edilməlidir. Lakin qanunverici bu məsələni sona qədər dəqiq tənzimləməmişdir. Bu da hüququn tətbiqində müəyyən anlaşılmaz hallara gətirib çıxara biləcəkdir.