Ərdoğan: “Azərbaycandan aldığımız təbii qazın həcminin 25-30 milyard kubmetrə çatdırılması lazımdır”

Türkiyə prezidenti Azərbaycandan alınan təbii qazın həcminin artırılması zərurətindən danışıb.

Sabahinfo.az haberler.com-a istinadən xəbər verir ki, R.T.Ərdoğan ATV ve "A Haber” telekanallarında birgə yayımlanan "Gençlerle Büyük Buluşma” verilişində Türkiyənin hazırda Azərbaycandan aldığı 6-7 milyard kubmentr təbii qazın az olduğunu bildirib.

Məlumata görə, Türkiyə prezidenti bu barədə azərbaycanlı tələbənin verilişdə ona ünvanladığı TAP və TANAP layihələri ilə bağlı suala cavabında danışıb:

Türkiyə təbii qaza olan ehtiyacının ciddi bir qisminin TANAP layihəsinin tam hazır olduqdan sonra ödənəcəyinə işarə edən R.T.Ərdoğan bunları deyib:

"Hazırda  bizim Azərbaycandan aldığımız təbii qazın həcmi 6-7 milyard kubmetrdir. Təbii ki, bu bizə yetərli deyil, hazırda təbii qaza olan ehtiyacımız daha çoxdur.

Lazımdir ki, bu göstərici 20-yə, 25-ə, 30-a çatdırılsın. Digər tərəfdən, Avropanın da özünün təbii qaza ehtiyacı var. Bu məsələ bilirsiniz ki, yarımçıq qalıb.

Avropa Birliyi bu məsələdə sözünü desə də, konkret addım atmadı. TANAP layihəsinin icrasına yaxşı başlanıldı və işlər sürətlə aparılır. Biz də TANAP-a ciddi miqyasda ortaq olduq”.

R.T.Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox mühüm layihə olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışının baş tutacağını da diqqətə çatdırıb.