Fransa məhz işğalçılıq xislətindən çıxış edərək Ermənistanı dəstəkləyir

"Fransa Senatının noyabrın 15-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul etməsi bu ölkənin ermənipərəst mövqeyi ilə yanaşı işğalçı xislətli ölkə olduğunu bir daha təsdiq edir. Fransa tarixdə işğalçı ölkə olaraq qalıb. Bu ölkənin Əlcəzairdə törətdiyi qanlı cinayətlər bəşəriyyət üçün böyük faciələrdəndir. Tarixi qan-qada ilə dolu Fransa bu baxımdan Ermənistana oxşayır və məhz işğalçılıq xislətindən çıxış edərək Ermənistanı dəstəkləyir. Dünyaya azadlıq, demokratiya, söz azadlığı mövzusunda dərs keçməyə çalışan Fransanın Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi həmçinin sübut edir ki, bu ölkənin rəhbərliyi və dövlət aparatı özü erməni lobbisinin əlində acizdir və erməni lobbisinə xidmət edir. Təbii ki, məlum qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan qərəzli mövqenin göstəricisidir. Eyni zamanda bu beynəlxalq hüquqa hörmətsizlik etməklə terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəkləmək, soyqırım müdafiəçisi olduğunu nümayiş etdirməkdir".

SABAHİNFO.AZ xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib. Onun sözlərinə görə,  Fransa Senatı hələ 2020-ci ildə də ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyərək əsassız qətnamə qəbul etmişdir. Lakin həyat və zaman sübut edir ki, Fransanın bu əsassız mövqeyi və Senatın qəbul etdiyi iftira dolu qətnamə əslində bu ölkənin özünü gözdən salır. Qəbul edilmiş qətnaməmələr isə kağız parçasından başqa bir şey deyil: "Azərbaycana qarşı Fransanın daha qərəzli mövqe sərgiləməsi bu ölkənin Prezidenti Makronun da adı ilə sıx bağlıdır. Fransa hakimiyyəti hakimiyyətdə qalmaq maraqlarını təmin etmək üçün erməni lobbisinin əlində oyuncağa çevrilib.  Həmçinin Makronun bu davranışı onun müsəlman dünyasına nifrətindən doğur. O, hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bu əsassız və qərəzli qətnamələri Yelisey Sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar. Çünki Fransa konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiqi, Respublika Prezidentinin səlahiyyətinə aid məsələdir. Buradan belə bir qənaətə gəlmək olur ki, Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşama prosesinə töhfə verməkdənsə əsassız iddialarla öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərir. Bu, həm də rəsmi Parisin siyasi terroru kimi də qiymətləndirilə bilər. Noyabrın 15-də Azərbaycana qarşı Senat tərəfindən əsassız qətnamənin qəbul edilməsi Fransa Prezidenti Makronun riyakarlığını da ifşa edir. Belə ki, Makronun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında özünü vasitəçi kimi təqdim etməyə çalışması və “töhfə vermək istəyi”nin siyasi məkr olduğu aydınlaşır". 

Deputat bildirib ki, Ermənistanla çox böyük analogiyaların olduğu Fransanın bu qərəzli mövqeyi Azərbaycan üçün heç nəyi dəyişmək gücündə deyil:  "Azərbaycanı öz haqlı mövqeyindən heç bir qüvvə, heç bir dairə və ya ölkə geri çəkilməyə məcbur edə bilməz. Fransanın, xüsusilə də onun Prezidenti Makronun beynəlxalq hüquqa  zidd əməlləri yalnız bu ölkənin özünün gələcəyi üçün zərər verəcək".