“Həmişə könüllülük prinsipi ilə fəaliyyət göstəririk”

“Bakıda Azərbaycan könüllülərinin V həmrəylik forumunun keçirilməsi ölkəmizdə könüllülük fəaliyyətinin geniş yayılmasının göstəricisidir”. Bu haqda “sabahinfo.az”a Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova xatırladıb ki, Azərbaycanda "Könüllülük fəaliyyəti haqqında" qanun 2009-cu iləd qəbul edilib: “Qanuna görə, könüllülük fəaliyyətinin təşkilatçısı dövlət orqanları, bələdiyyə, QHT-lər ola bilər. Könüllülər gördükləri işlərə görə əməkhaqqı almamaqla yanaşı, digər formada mükafatlandırılmırlar. Qanun fiziki və hüquqi şəxslərin ictimai volontyorluq (ödənişsiz) fəaliyyətini tənzimləmək məqsədi daşıyır. Könüllülərin fəaliyyət istiqamətinə gəldikdə isə, onlar əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, köçkünlərə kömək edilməsi, uşaq və gənclərlə iş aparılması, tarixi mədəni sərvətlərin qorunması ilə məşğul olmalıdırlar. Bu sıraya narkomaniya və digər zərərli vərdişlər barədə məlumatlandırma, sülh mədəniyyətinin, tolerantlığın təbliği, hüquqi maarifləndirmə, ətraf mühitin mühafizəsi, idmanın inkişafı, istehlakçıların hüquqlarının qorunması və digər qanuna zidd olmayan fəaliyyət növləri də daxildir.

Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciətində bildirib ki, könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur: “Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb etmişdir.

Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür”. Azərbaycanda fəaliyyət göstərən QHT-lər də bir növ könüllü, özü-özünü idarə edən qurumlardır. Biz özümüz də həmişə könüllülük prinsipi ilə fəaliyyət göstəririk”.  

 

Sabahinfo.az