Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atıb

Elə şəxsiyyətlər var ki, bu dünyada ancaq mənsub olduğu xalqın taleyi, müqəddəratı naminə yaşayırlar. Belə şəxsiyyətlərin ancaq doğum günü olur. Çünki onlar cismən həyatda olmasalar da, ruhən həmişə bizimlədir. Ulu Öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan dünyanın siyası xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı. “Ulu Öndərin çoxsaylı xarici səfərləri, beynəlxalq səviyyədə imzalanmış mühüm sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətlənməsinə mühüm töhfə verdi. Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Eyni zamanda, 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də, dünyanın ayrı-ayrı ölkələrindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Dünya birliyinin Azərbaycana münasibətində müsbət dəyişikliklər ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində özünü qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü münaqişənin həll edilməsində Azərbaycanın mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi.

Ümummilli Liderin ardıcıl siyasəti nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı və ermənilərin işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdləri bu məsələnin BMT Baş məclisinin gündəliyinə salınması məsələsinə nail olundu. Nəticədə, BMT-nin 4 qətnaməsinin qəbul olunması təmin edildi. Bundan başqa, ATƏT-in faktaraşdırıcı missiyasının işğaldan azad edilmiş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq yerləşdirilməsi Azərbaycanın xarici siyasət sahəsində apardığı gərgin və məqsədyönlü işin parlaq nəticəsi, Ermənistanın təcavüzkar siyasətinin, iç üzünün ifşası istiqamətində əldə edilən mühüm diplomatik uğurlar idi”, - deyə Aydın Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin qurulması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün dünyada qəbul edilməsi istiqamətində böyük uğurlara imza atdı.

“Ümummilli Liderin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə düşünülmüş və balanslaşdırılmış xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünya birliyində layiqli yerini tutdu, beynəlxalq aləmdə böyük nüfuz sahibi oldu, dünyanın ən mötəbər təşkilatlarına üzv qəbul edildi, beynəlxalq aləmdə Azərbaycanın sözü ilə hesablaşmağa başladılar.

Bir sözlə, Azərbaycanın uğurlarının əsasında Ulu Öndərin imzası dayanır. Xalqımız Ümummilli Liderin xatirəsini daim əziz tutur və öz xilaskarını ehtiramla anır”, - deyən Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.