Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaq

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından artıq 19 il ötür.

Müasir Azərbaycanın xilası və quruculuğu məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik qamətli bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi.

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

1994-cü ildə atəşkəsin elan olunmasına dair Bişkek protokolu imzalandıqdan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirmək, habelə dövlət quruculuğu sahəsində ən yaxşı təcrübələri tətbiq etmək məqsədilə Ulu Öndər 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün BMT Baş Qərargahına səfər edərək bu mötəbər tribunadan çıxış etmiş ilk Azərbaycan Prezidenti oldu.

Yalnız Heydər Əliyevin Hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. 
Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış inkişaf modelinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. 
O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuş, sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur.

Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra edərək bu gün Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq regionun lider dövləti olaraq qəbul olunmaqdadır.

Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.

Təsadüfi deyil ki, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə start verildi. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, silahlı qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən və Birinci Qarabağ Müharibəsi təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Orduya çağırış və fərrarilik halları ilə bağlı bütün problemlər həll edildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdı. Beləliklə, Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Belə ki, məhz 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyamız müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən tarixi sənədə çevrildi.

Ümumilikdə 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. 

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı nəinki regionda, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan  nüfuzlu ölkə kimi tanıtdırdı. Həm hərb meydanında, eyni zamanda beynəlxalq siyasi arenada qazanılan Zəfərlərimiz bu uğurların məntiqi nəticəsidir.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Xalqımız böyük xilaskarının xidmətlərini heç vaxt unutmur və unutmayacaq. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. 
Vəfat etməsinin 19-cu ildönümü ilə bağlı bütün Azərbaycan xalqı, hər birimiz Umummilli Liderimizi dərin hüznlə anırıq.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı