İlahi ədalət gec və ya tez öz yerini tapacaq! - Müsahibə

“...Döyüş Meydanında Yaralıların Vəziyyətini Yaxşılaşdırmağa dair Konvensiyanın qəbul edilməsilə müasir beynəlxalq humanitar hüququn dünyaya gəlişi baş tutdu.”

Bu və digər məsələlərlə bağlı Qeyri Hökumət Təşkilatları üzrə ekspert Emil Seyidəliyev Modern.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik: 

Son dövrlərdə Beynəlxalq Humanitar Hüquq haqqında çox danışlır. Bu barədə cəmiyyətdə çox az informasiya var.  Ümumiyyətlə, Beynəlxalq Humanitar Hüququn yaranma səbəbləri və baniləri haqqında nə deyə bilərsiniz.

İlk əvvəl onu demək istəyirəm ki, müharibənin ağır nəticələrindən qorunmaq həmişə insanları düşündürüb, bunun yollarını axtarmaq üçün insanlar qədim zamanlardan bəri müxtəlif səylər göstəriblər. Lakin, müharibənin aparılmasını tənzimləyən hər hansısa bir vasitə olmayıb. Yalnız 19-cu əsrin ikinci yarısında humanizm prinsipləri əsasında insan faktoru nəzərə alınmaqla, müharibənin tənzimlənməsi istiqamətində beynəlxalq sazişlərin formalaşdırılmasına başlanılıb. Buraya ilk  olaraq silahlı münaqişə qurbanlarının hüquqları və müdafiəsi daxil edilib. Müasir beynəlxalq humanitar hüququn meydana gəlməsində isveçrəli iş adamı Anri Dünan və isveçrəli ordu zabiti, general Giyom Henri Dufun mühüm rolu olmuşdur. Anri Dünan İtaliyada səyahət edərkən Solferino döyüşünün acı nəticələrinə şahid olmuş və Cenevrəyə qayıtdıqdan sonra gördüklərini müəllifi olduğu “Solferino Xatirələri” adlı kitabda təsvir etmişdir. O dövrdə bu aktual məsələ ilə bağlı bir çox tanınmış ictimai xadimlər, elm adamları yığıncaqlar keçirərək problemin həlli yollaranı aramağı çalışmışlar. Müharibənin nə olduğunu yaxşı bilən general Dufur Cenevrə konvensiyalarının ilkin formasının qəbul edildiyi diplomatik konfransına sədrlik etməklə Dünanın bu məsələdə irəli sürdüyü ideyalarına vaxt itirmədən fəal şəkildə dəstək vermişdir. 

Dünan və Dufor daha sonra Qustav Moynye, Lui Appai və Teodor Monuağ ilə birgə müharibədə yaralılara fərq qoymadan yardım naminə “Beşlər Komitəsi” adlanan beynəlxalq komitə yaradırlar. Sonralar bu Beynəlxalq Qızıl Xaç Komitəsi olacaqdı ki, bu başqa bir görüşün mövzusudur. Adı çəkilən şəxslərin səyləri nəticəsində Beynəlxalq Humanitar Hüquq ilkin əsaslsrla formalaşmağa başlayır və sonradan zaman keçdikcə daha da təkmilləşir. Bu şəxsləri Beynəlxalq Humanitar Hüququn yaradıcıları hesab etmək olar.

Düşünürəm ki, bu həm də beynəlxalaq humanitar hüququn meydana gəlişi idi?

Bəli, tam haqlısınız. Əlavə etmək istəyərdim ki, bu “Beşlər Komitəsi”, müasir adla desək Beynəlxalq Qızıl Xaç Komitəsinin beş təsisçi üzvünün təşəbbüsü və 16 ölkənin iştirakı ilə çağrılan konfransda Döyüş Meydanında Yaralıların Vəziyyətini Yaxşılaşdırmağa dair Konvensiyanın qəbul edilməsilə müasir beynəlxalq humanitar hüququn dünyaya gəlişi baş tutdu. 

Bu qəbul edilən konvensiya bundan öncəkindən nə ilə fərqlənirdi və ya hansı yenilikləri gətirdi?

Bu konvensiyanın əsas məramı yaralı və xəstə döyüşçüləri və onların qayğısına qalan insanları müdafiə etməkdən ibarətdir. Konvensiya ayrı-ayrı hissələrdən ibarət səpələnmiş halda olan pərakəndə qanun, qayda və adətləri sistemləşdirdi,  möhkəmləndirdi və onu hüquqi baza kimi beynəlxalq ictimaiyyətə təqdim etdi. Müasir konvensiyanın səciyyəvi xüsusiyyəti yaralı və xəstə döyüşçüləri müdafiə edən yazılı qaydalar, onun bütün dövlətlərə açıq olan çoxtərəfli xarakteri, yaralı və xəstə hərbi heyətə ayrı-seçkilik qoymadan, yəni dost və ya düşmən arasında heç bir fərq qoymadan onlara qayğı göstərmək öhtəliyi, son olaraq emblemdən, yəni “Ağ fonda qırmızı xaç” işarəli loqodan istifadə edərək tibbi heyəti, nəqliyyat vasitələrini və avadanlıqları işarələməklə onların müdafiəsini təşkil etməyi və emblemə hörmət qoymaq kimi bəndləri özündə təsbit edirdi.

Müasir beynəlxalq humanitar hüququ hansı sazişlər təşkil edir?

Az əvvəl də dediyim kimi, müasir beynəlxalq humanitar hüquq 1864-cü ildə Cenevrədə təşkil olunan konfransda ilkin əsaslarla meydana gəldi. Bunlar qeyd etdiyim tarixdən bu günkü dövrə qədər silahlı münaqişənin xarakterindəki dəyişikliklər, humanitar yardıma artan tələblər, hüquq sahəsindəki inkişaf bu istiqamətdə bir çox sazişlərin qəbul olunması ilə nəticələnmişdir. Bunlara misal olaraq, döyüş meydanında yaralıların vəziyyətini yaxşılaşdırmağa, hərbi əsrlərlə rəftara, müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə konvensiyaları, müharibədə müəyyən mərmilərin istifadəsinə qadağaya dair Sankt-Peterburq Bəyannaməsi, silah ticarətinə dair saziş, kasetli silahlara, bakterioloji, bioloji və zəhərli silahların, o cümlədən kimyəvi silahların hazırlanması, istehsalı və toplanmasının qadağası və onların məhvinə dair konvensiyalar və minalar, tələ-minalar və digər cihazların istifadəsinin qadağası və ya məhdudiyyətlərinə dair konvensiyaları deyə bilərik. Bundan əlavə uşaq hüquqlarına dair konvensiya və bu konvensiyaya əlavə, silahlı münaqişədə uşaqların iştirakı üzrə seçmə protokollar, silahlı münaqişə zamanı mədəni sərvətin müdafiəsinə dair Haaqa Konvensiyası, habelə ətraf mühitin modifikasiya vasitələrinin hərbi və ya hər hansı digər düşməncəsinə məqsədlərlə istifadəsinin qadağasına dair konvensiyalarını qeyd edə bilərik. 

Son olaraq sualım odur ki, biz I və II Qarabağ müharibələrində bu qaydaların Ermənistan tərəfindən kobud şəkildə pozulmasına şahid olduq. Xüsusən II Qarabağ müharibəsi ilə bağlı Beynəlxalq qurumların və qeyri hökumət təşkilatlarının hər hansı bir hesabatları oldumu?

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsirlərin işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaları barədə kifayət qədər video materiallar var. Ötən il ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb. Bu hesabatlarda kifayət qədər məlumatlar əks olunub. Onlardan biri də, Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların foto çəkilişləridir. Qəbiristanlıqlardakı vandalizm, həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılması da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Hesabatda fotojurnalistin bu sözləri də vurğulanıb ki, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb.  Bu hadisələr Ermənistanın həqiqi simasını göstərir və ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu cinayətkar rejimə qarşı layiq olduqları qiyməti verəcək! Təbii ki, əgər vicdanları varsa... İlahi ədalət onsuz da gec və ya tez öz yerini tapacaq!