İnkişaf tərənnümlü dövlət siyasəti

Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan ulu öndər Heydər Əliyevin bizi cismən tərk etməsindən 19 il ötür. Xalqımızın daim ehtiramla yad etdiyi Ümummilli Lider hər bir azərbaycanlının xatirəsində özünəməxsus yer tutur. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan, ömrünü Azərbaycan xalqının rifahının yaxşılaşmasına, dövlətimizin güclənməsinə sərf edən, Azərbaycanın müasir dövlətçilik tarixinin memarı olan Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün daha da inkişaf edir və bu inkişaf nəticəsində Azərbaycan dövləti, dövlətçiliyi daha da qüdrətlənir.

Bu fikirlər Milli Məclisin deputatı İltizam Yusifovun “İnkişaf tərənnümlü dövlət siyasəti” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli liderin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub. 1969-cu il Azərbaycan SSR in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili oldu. 1970-ci illərdə onun yorulmaz fəaliyyəti, təşəbbüskarlığı ölkənin bütün sahələrində özünü göstərirdi. Təsadüfi deyil ki, həmin dövr Azərbaycanın quruculuq salnaməsində qızıl hərflərlə həkk olunub. Heydər Əliyevin 1970-ci ildə və 1980-ci illərin əvvəllərində gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O, birinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşadı.

20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Liderin siyasi iradəsinin nəticəsində mümkün oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Ulu öndər Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı. O, Azərbaycan dövlətçiliyini xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün qarşısı alındı. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olundu.

Ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı.

Bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın imicini dəyişdirdi. 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş ilk konstitusiyamız Azərbaycanda hüquqi islahatların daha da dərinləşdirilməsi və inkişafı üçün stimul oldu. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin əsasını qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi.

Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapdı. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Nəticədə əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmağa başladı. Ulu Öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutdu.

Liderliyin bütün keyfiyyətlərini özündə birləşdirən Ulu Öndər hətta opponentləri tərəfindən də dünya səviyyəsində olan güclü siyasi lider kimi qəbul olunurdu. Heydər Əliyevin güclü xarizması, fenomenallığı onun dövlət xadimi kimi bir sıra üstünlüklərə malik olduğunu söyləməyə imkan verir.

2003-cü ildən isə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirməsi Azərbaycanın davamlı inkişafını təmin etmiş oldu. Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə qeyd edib.

Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Bir sözlə, Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu – Qarabağın azadlığını təmin etdi.

Xalqımız öz xilaskarını heç zaman unutmayacaq və müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır.