İran Azərbaycanla bağlı öz siyasətində dəyişiklik etməlidir

Azərbaycan öz  xarici siyasətində hər zaman mehriban qonşuluq prinsiplərini əsas tutur. Lakin təəssüflər olsun ki, bəzi qonşu ölkələrdən bu prinsiplərə zidd siyasətin şahidi oluruq. Azərbaycana qarşı ikili standartlardan çıxış edən qonşu ölkələrdən biri məhz İrandır. Zaman sübut edir ki, İran  qonşu olaraq Azərbaycana qarşı riyakar davranış sərgiləyir. Bu ölkə 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də   davamlı olaraq  təcavüzkar Ermənistana dəstək verib. İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələr, birgə iqtisadi layihələr mövcud olub. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Boru xəttinin tikintisinə 2006-cı il dekabrın 20-də başlanıb, açılışı 2007-ci il martın 19-da reallaşıb. Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb.

Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb. İşğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib. Bütün bunlar ifşa olunmuş və öz təsdiqini tapmış cinayətlərdir. Bu barədə aparıcı dünya mediasında da kifayət qədər materiallar dərc edilib.

İslamın əxlaq kodeksinə zidd əməllərlə məşğul olan İran son vaxtlar Azərbaycanın daxili işlərinə qarşır və ölkəmizi İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Əksinə, İran öz media orqanlarında Azərbaycana qarşı “ideoloji mübarizə”yə start verib.  Bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları da həmçinin Azərbaycan əleyhinə fikirlər səsləndirir, müxtəlif bəyanatlarla çışxış edirlər. İranın bütün bu narahatlıqlarının əsas səbəbi isə Azərbaycanın reallaşdırmaq istədiyi Zəngəzur dəhlizi layihəsidir. Zəngəzur dəhlizinin reallaşmaması üçün İran Ermənistanla fəal danışıqlar aparır və Ermənistanı düşünürmüş kimi görüntü yaradaraq bu ölkə ilə müxtəlif iqtisadi əsaslı müqavilələr bağlayır. Bununla da İran  Azərbaycanla mehriban qonşuluq münasibətləri ilə yanaşı islami dəyərlərə də  zərər vurmuş olur. İranın İslam dəyərlərinə zərər vurduğunu, hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaratdığını zaman dəfələrlə sübut edib. Din pərdəsi altında istibdadçı, mürtəce molla rejimi İranda öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlətməkdən belə çəkinmir. İranın azərbaycanlı əhalisi də  hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib.

Yaxşı olar ki, qonşu İran Azərbaycanla bağlı öz siyasətində dəyişiklik etsin və mehriban qonşuluq prinsiplərini əsas tutsun. Əks halda, bu düzgün olmayan siyasətdən zərər çəkən elə İran dövləti özü olacaqdır.    

Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri