İran səfirliyə hücuma görə məsuliyyət daşıyır və cavab verməlidir

Vyana Konvensiyasının tələblərinə uyğun olaraq, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. Beynəlxalq hüquq çərçivəsində İran Azərbaycan səfirliyinə hücuma görə məsuliyyət daşıyır və bu terror aktına görə cavab verməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, molla rejiminin hökm sürdüyü İranda dövlətdən iznsiz heç nə baş verə bilməz. Terrorun məkanı olan İranda səfirliyimizin bir əməkdaşının ölümü və digər iki əməkdaşın yaralanması ilə nəticələnən bu hadisə nəinki Azərbaycanda, dünyada böyük hiddət doğurur. Bunu müxtəlif ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin bəyanatları da təsdiq edir.

“Səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycan dövləti əleyhinə uzun illər aparılan düşmənçilik təbliğatının nəticəsi kimi qiymətləndirilməlidir. İran dövləti qonşuluq münasibətlərinə uyğun olmayan belə çirkin əməllərindən əl çəkməli, Azərbaycana qarşı təhdidlərə son qoymalıdır. Hadisənin təfərrüatları müəyyən edilməli, təşkilatçılar və iştirakçılar qanun qarşısında cavab verməlidirlər.

Tarixi Qələbəmizi və artan gücümüzü, nüfuzumuzu həzm edə bilməyənlər anlamalıdırlar ki, heç bir qüvvə Azərbaycan dövlətinin haqq işinə mane ola və onu yolundan döndərə bilməz”, - deyə Səbinə Xasayeva vurğulayıb.